...

Qarabağ icmasının danışıqlara cəlb edilməsi məsələsində ATƏT-in Minsk qrupu həmsədrləri arasında fikir ayrılığı mövcuddur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Sentyabr 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynov/ ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza fransalı və rusiyalı həmkarlarından fərqli olaraq hesab edir ki, hazırkı mərhəldə birbaşa danışıqlara Dağlıq Qarabağ icmasını cəlb etmək olmaz. "Ermənistan və Azərbaycanda yeni siyasi mövsüm başlandığından danışıqların formatının dəyişməsi barədə danışmaq olmaz" - deyə Brayza Xankəndidə qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndələri ilə sentyabrın 16-da keçirilən danışıqların yekunları ilə bağlı bəyan edib.

ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə həmsədrlərinin sentyabrın 14-dən regiona növbəti səfəri başlayıb. Tərəflərlə yazın sonunda ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan təkliflər əsasında problemin həlli layihəsi müzakirə olunur.

"Mediamaks"ın verdiyi məlumata görə, amerikalı həmsədr danışıqlar masasında qalan təkliflərlə bağlı müzakirələrin davam etdirilməsinin vacib olduğunu bildirib. Fransalı həmsədr Bernard Fasye isə Dağlıq Qarabağ separatçı rejiminin lideri Bako Saakyan ilə görüşün yekunları ilə bağlı bildirib ki, "Biz nə vaxtsa Dağlıq Qarabağın numayəndələrini danışıq masası arxasında görməliyik, bu nə qədər tez baş versə, bir o qədər yaxşıdır". O qeyd edib ki, əvvəllər belə bir format mövcud olub və bildirib ki, Dağlıq Qarabağın danışıqlar masasına qayıtması təkcə vasitəçilərdən asılı deyil. Rusiyalı həmsədr öz növbəsində fransalı həmkarını dəstəkləyib.

Bununla yanaşı, həmsədrlər "Dağlıq Qarabağ Respublikası"nın yeni "prezident"i ilə danışıqların dolğun və konstruktiv olduğunu qeyd edib və "Dağlıq Qarabağ liderləri ilə əlaqələri inkişaf etdirmək və dərinləşdirməyə" hazır olduqlarını bildiriblər.

Saakyan jurnalistlərə bildirib ki, danışıqların hazırkı formatı effektiv deyil və Qarabağ tərəfi bunu vasitəçilərin diqqətinə çatdırıb. "Biz Ermənistana öz səylərinə görə minnətdarıq, lakin eyni zamanda hesab edirik ki, həll prosesini məntiqi sonluğa çatdırmaq üçün Dağlıq Qarabağ danışıqlarda mütləq iştirak etməlidir" - deyə "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri bildirib.

Ötən həftə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov Trend ə bildirib ki, tərəflər arasında azərbaycanlı və erməni icmasının danışıqlara cəlb edilməsi ilə bağlı ilkin razılıq əldə olunub və bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar iş aparır. Bəhmənov icmaların danışıqlara cəlb edilməsini qaçılmaz hesab edir.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və ona bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olub və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti