...

Azərbaycanın işğal altında olan Zəngilan rayonunda palıd ağacları ermənilər tərəfindən qırılaraq daşınıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2008 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Zəngilan rayonunda Topmeşə sahəsinin qoz, şərq çinarı kimi qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik material kimi daşınıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü Trend -a verdiyi məlumatda bildirilib.

Həmçinin Daş-başı və Leşkar meşələrində meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılaraq daşınıb.

Zəngilan rayonu 15 ildir Ermənistanın işğalı altındadır. Rayon 1993-cü il oktyabrın 29-da işğal olunub.

Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min kub metr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, Bartaz-I və Bartaz-II porfirit, Zəngilan gil və ehtiyatları 17367 min kub metr olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılıb.

Zəngilan rayonu ərazisində yaşı 100 ildən artıq olan nadir ağaclar pasportlaşdırılaraq qorunurdu.

Rayonda 107 hektar sahəsi olan Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi vardı.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Zəngilan böyük ekoloji terrora məruz qalmış ərazidir.

Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq (2,1 min kub/gün) təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombınatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini "ölü zonaya" çevirmiş, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti