...

Rəsmi Bakı Moskva Bəyannaməsinin imzalanmasını münaqişənin həllində yeni mərhələ hesab edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2008 19:51 (UTC +04:00)
Rəsmi Bakı Moskva Bəyannaməsinin imzalanmasını münaqişənin həllində yeni mərhələ hesab edir

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir İ.Əlizadə / Rəsmi Bakı hesab edir ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Moskvada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə Bəyannamənin imzalanması problemin aradan qaldırılması prosesini sürətləndirəcək.

"Bəyannamənin imzalanması münaqişənin həlli istiqamətində tarixi hadisədir və yeni bir prosesin başlanğıcıdır", - bazar ertəsi Trend - a Prezident Aparatı Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Moskvada bazar günü "Mayn Dorf" sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri -- İlham Əliyev, Serj Sərkisyan və Dmitri Medvedyev görüşün nəticələrinə dair Bəyannamə qəbul ediblər. Bəyannamədə Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normalarına uyğun həlli qeyd edilib.

Rusiya prezidenti keçən ay Ermənistanda səfərdə olan zaman hər iki dövlət başçısına Moskvada görşümək barədə təklif i irəli sürmüşdür.

"Əgər Ermənistan tərəfi düşünsə ki, münaqişənin həlli onun xalqına, millətinə, dövlətinə çox lazımdır və problemin bundan başqa həll yolu yoxdur, şübhəsiz ki, Moskvada imzalanan birgə Bəyannamə prosesi sürətləndirməlidir. Nəzərə alsaq ki, Rusiya tərəfi də zəmanət kimi, sənədi imzalayıb, onda Bəyannamənin münaqişənin həllini sürətləndirəcəyinə şübhə qalmır", - deyə Prezident Aparatının rəsmisi əlavə edib.

O vurğulayıb ki, Moskvada imzalanan sənəd Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 14 il davam edən uzun, mürəkkəb və çətin bir dövrün məhsuludur. Məmmədovun sözlərinə görə, ilk dəfədir ki, prezidentlər arasında bu münaqişənin həlli ilə bağlı sənəd imzalanır. Prezident Aparatının rəsmisi bildirib ki, bu günə qədər keçilən dövr ərzində gərgin məqamlar həmişə olub və qarşılıqlı anlaşma tapmaq heç də mümkün olmayıb. "İndi belə bir sənədin imzalanması, ən azı, bu münaqişənin həlli istiqamətində gedən proseslərdə unikal bir hadisədir".

Onun fikrincə, sənəddə münaqişənin həlli ilə bağlı bir çox məsələlər aydınlaşır və prezidentlərin, tərəflərin qarşısında duran müəyyən vəzifələr müəyyənləşir, konkretləşir.

"Sənəddə göstərilir ki, münaqişə iki ölkə arasındadır və beynəlxalq hüququn prinsip və normaları əsasında, mərhələli şəkildə həll olunmalıdır. Eyni zamanda qeyd olunub ki, münaqişənin həllində ATƏT-in Minsk Qrupu fəal işləməlidir və həmsədrlər vasitəçilik sahəsində fəaliyyətlərini gücləndirməlidirlər. Bəyannamə münaqişənin həllində kompas ola bilər. Sənəd baza prinsiplərini özündə əks etdirir və Minsk Qrupunun üzvü olan ölkələr bunu dəstəkləyirlər və deyirlər ki, bu, baza prinsipləri kimi qəbul olunmalıdır", - Məmmədov əlavə edib.

Məmmədov qeyd edib ki, üç ölkənin prezidentləri Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə etməyiblər.

"Belə bir məsələ müzakirə edilsəydi, sənəddə əks olunardı. Belə fikirlər var ki, Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan sonra bölgədə sülhməramlı qüvvələrin yeriləşdirilməsinə ehtiyac olmayacaq. Hesab edirəm ki, ən gərgin illəri, mərhələni keçmişik. Ola bilər ki, imzalanan sənəd gərginliyi bir qədər azaltsın. Tərəflər arasında indiyə qədər mövcud olan gərgin vəziyyətdə sülhməramlı qüvvələrə ehtiyac olmayıbsa, sabitliyi, sülhü özümüz qoruyub saxlaya bilmişiksə, onda gərginliyin azalacağı şəraitdə yenidən sülhməramlı qüvvələrə ehtiyac varmı? Ola bilər ki, elə buna görə də, hələlik sülhməramlı qüvvələr məsələsi gündəlikdə yoxdur, bəlkə bundan sonra da olmayacaq", - Prezident Aparatının rəsmisi deyib.

Onun sözlərinə görə, artıq ABŞ da Moskvada imzalanan sənədi bəyənib. "ABŞ da hesab edir ki, sənəd baza prinsipləri üzərində qurulub, bununla bağlı işlər davam etdirilməlidir və sənəd həll prosesini sürətləndirəcək".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991- ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti