Azərbaycan, Şəki, 20 fevral / Trend , müxbir X.Əkbərova/ Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cümə günü Azərbaycan əsgəri şəhid olub.
Trend -un bölgə müxbirinin məlumatına görə, cümə günü səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin Füzuli istiqamətində atəşkəsi pozması nəticəsində əsgər Süleymanov Cavid Eynulla oğlu şəhid olub.
Süleymanov ötən ilin yanvarından Oğuz rayonundan hərbi xidmətə çağırılıb.
Ötən gün isə Füzuli rayonu ərazisində iki əsgərimiz minaya düşüb. Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində baş vermiş mina partlayışı nəticəsində Gəncə şəhərindən hərbi xidmətə çağırılmış 1986-cı il təvəllüdlü sıravi Əsgər Mərdanov və Şəmkir rayonundan hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Tural Hacıyev aldıqları ağır xəsarətdən hadisə yerində keçiniblər.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]