...

Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması gündəlikdə duran məsələdir – Azərbaycan politoloqları

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2009 15:47 (UTC +04:00)
Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılması gündəlikdə duran məsələdir – Azərbaycan politoloqları

Azərbaycan, Bakı, 15 iyul / Trend , müxbir E.Tariverdiyeva /

Azərbaycan siyasətçilərinin fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada keçiriləcək görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilməyəcək.

"G8-də ("Böyük səkkizlik") ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsinin Qarabağa dair bəyanat qəbul etməsi sevindirici hal olsa da, gündəlikdə duran məsələ münaqişənin həll edilməsi deyil, Dağlıq Qarabağ ətrafı rayonların geri qaytarılmasıdır", - deyə Azərbaycan politoloqu Fikrət Sadıxov bildirib.

"Münaqişənin mərhələli həllində ABŞ kimi Rusiya da maraqlıdır və iki ölkənin prezidentləri özlərinin sülh yaradan imiclərini qorumaq istəyirlər", - çərşənbə günü "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması: tunelin sonunda işıq" mövzusundakı dairəvi masada politoloq bildirib.

İtaliyanın Akvil şəhərində iyulun 10-da G8 sammiti zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birgə bəyanatı qəbul edilib.

"Biz - ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Azərbaycan və Ermənistan prezidentləri ilə tərəfdaş olduğumuzu bildiririk və onları qalan fikir ayrılıqlarını həll etməyə və sülh prosesini tamamlamağa çağırırıq", - bəyanatda deyilir.

Rusiya, ABŞ və Fransa prezidentlərinin fikrinə görə, Azərbaycan və Ermənistan rəhbərləri arasında 2007-ci il Madrid müqaviləsinin prinsipləri əsasında razılıq əldə edilməlidir.

Politoloq hesab edir ki, niyyətlər haqqında protokola çevrilə biləcək tərəflər arasında "çərçivə müqaviləsi" ərəfəsindəyik.

Digər Azərbaycan politoloqu Rasim Ağayevin fikrincə, danışıqların birinci mərhələsinin mövzusu Azərbaycan rayonlarının qaytarılması olacaq, status məsələsi isə hələ ki, müəyyən edilməyən tarixə keçiriləcək.

"Azərbaycan rayonlarının qaytarılması məsələsinə praqmatik yanaşmaq lazımdır, belə ki, bu, rəsmi Bakı üçün səmərəlidir", - deyə Ağayev bildirib. Onun fikrincə, beynəlxalq qüvvələrin məsələni beynəlxalq normalar əsasında həll etməyə çalışması nadir haldır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti