...

Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməsə, Azərbaycan digər variantlar üzərində işə başlayacaq - politoloq Mübariz Əhmədoğlu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 May 2010 14:54 (UTC +04:00)
Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməyəcəyi təqdirdə, Azərbaycan digər variantlar üzərində işə başlayacaq.
Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməsə, Azərbaycan digər variantlar üzərində işə başlayacaq - politoloq Mübariz Əhmədoğlu

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir M. Əliyev/

Ermənistan yenilənmiş Madrid prinsiplərini qəbul etməyəcəyi təqdirdə, Azərbaycan digər variantlar üzərində işə başlayacaq. Bu barədə Trend-ə çərşənbə günü Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

"Digər variantların nədən ibarət olduğunu Prezident İlham Əliyevin addımları göstərdi - ölkə rəhbəri Müdafiə Nazirliyinin binasına gələrək, ordu quruculuğuna həsr olunmuş müşavirə keçirdi. Müşavirədə həm Prezidentin, həm müdafiə nazirinin çıxışında tamamilə yeni fikirlər səsləndirildi - məlum oldu ki, Azərbaycanın Ermənistan ərazisində istənilən hədəfi darmadağın etmək imkanı var", - Əhmədoğlu bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Lakin münaqişənin dinc yolla həll olunması potensialının tükənmədiyini bildirən mərkəzin sədri düşünür ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında baş verən prosesləri, ümumilikdə Azərbaycanın xeyrinə hesab etmək olar.

"Ermənistan xarici işlər naziri Nalbandyan həmsədr ölkə prezidentlərinin açıqladığı yenilənmiş Madrid prinsiplərində olan bir çox məsələlərin, ümumiyyətlə, Ermənistanla müzakirə edilmədiyini bəyan edib. Beləliklə, ATƏT Minsk qrupunun həmsədrləri Ermənistanın razılığı olmadan da bu prinsipləri qəbul edilmiş sənəd kimi təqdim edə bilər və bu halda icra mexanizmi üzərində baş sındırmağa ehtiyac qalır. ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycana verdikləri sözü tutacaqlarsa, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi istiqamətində ciddi irəliləyişlər baş verə bilər", - Əhmədoğlu bildirib.

Xəbər lenti

Xəbər lenti