Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməyib. Trend-in məlumatına görə, bunu bu gün İnsan Hüquqları üzrə Müvəkkil Aparatında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar keçirilən anım mərasimində ombudsman Elmira Süleymanova deyib.
Müvəkkil bildirib ki, bütün tərəqqipərvər bəşəriyyətin, xalqların sülhə, əmin-amanlığa, inkişafa can atdığı hazırkı dövrdə Ermənistan dövləti bu gün də etnik təmizləmə, terror, zorakılıq siyasəti yürüdür, bununla da bütövlükdə Cənubi Qafqazda, Avropa məkanında sülhyaratma və sabitlik proseslərinə mənfi təsir göstərir.
"İnsan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməməsi, terrorçu əməllərə qarşı qəti tədbirlər görülməməsi hiddət və təəssüf hissi doğurur", - ombudsman deyib.
Süleymanova bildirib ki, beynəlxalq təşkilatların məlum münaqişənin həllinə yönəlmiş səyləri ikili standartlara yol vermədən, beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun həyata keçirilməli, Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq edilməlidir. Bu işğalçı dövlət ərazi iddialarından əl çəkərək, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlərin müddəalarını yerinə yetirməli, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa edilərək onlar öz doğma yurdlarına qayıtmalı, əsir və girovlar azad olunmalıdır.
Müvəkkil səlahiyyətli beynəlxalq qurumları Xocalı soyqırımını törədən işğalçı Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq etməyə, dünya ictimaiyyətini Azərbaycan xalqının haqq işini dəstəkləməyə çağırıb.
Anım mərasimində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Süleymanovanın BMT-nin baş katibi və insan hüquqları üzrə ali komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanladığı bəyanat səsləndirilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi soyqrım cinayəti törədilib. Xocalı soyqırımı zamanı adları bəlli olan 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qocanın həyatına son qoyulub, 487 nəfər şikəst olub, 1275 dinc sakinin əsir götürülüb 150 nəfər itkin düşüb.
Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib.