Azərbaycan, Bakı, 25 fevral /Trend/
Son həftələrdə Dağlıq Qarabağ üzrə müzakirələrdə müsbət meyil müşahidə olunur və ABŞ bu tendensiyanın gələcəkdə inkişaf etməsi üçün yardım göstərmək istəyir. ABŞ dövlət katibinin müavini Ceyms Staynberq belə hesab edir.
Trend-in "Mediamaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə amerikalı diplomat Yerevanın "Kentron" telekanalının efirində bəyan edib.
Ceyms Staynberq bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti ABŞ-ın xarici siyasət fəaliyyətinin əsas istiqamətlərindən biridir.
Ceyms Staynberq və dövlət katibinin köməkçisi Filip Qordon fevralın 23-24-də Cənubi Qafqaz ölkələrinin hər üçünə regional səfər ediblər.
Amerikalı diplomat Rusiyanın Qarabağ nizamlanması prosesinə başçılıq etmək rolunu öz üzərinə götürməsi barədə tezislə razılaşmayıb və xatırladıb ki, Astanada Qarabağla bağlı birgə bəyanat verilib.
"Əlbəttə, Rusiyanın bu məsələdə aktivliyi alqışlanır, lakin Minsk qrupunun hər üç həmsədr ölkəsi fəal çalışır və münaqişənin həllinə öz töhfəsini verir", - Stanyberq qeyd edib və Minsk qrupunun həmsədr ölkələri arasında heç bir rəqabətin olmadığını bildirib.
"Hesab edirik ki, dinc diplomatik yol nizamlanma üçün yeganə üsuldur və biz bu müraciəti hər iki tərəfə çatdırmağa çalışırıq", - Staynberq deyib və əlavə edib ki, Qarabağ məsələsinin dinc yolla nizamlanması regional oyunçuların hamısının maraqlarına uyğundur.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.