...

Erməni siyasəti dezinformasiya xəttindən çəkilmir - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2011 13:06 (UTC +04:00)
Erməni siyasəti dezinformasiya xəttindən çəkilmir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin yeni saytının təqdimat mərasimində çıxışı zamanı Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.
Erməni siyasəti dezinformasiya xəttindən çəkilmir - Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri (ƏLAVƏ OLUNUB)

İkinci abzasdan sonra Elnur Aslanovun fikirləri əlavə edilib (ilk xəbər 12:28-də yayılıb)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir T.Hacıyev/

Erməni siyasəti dezinformasiya xəttindən çəkilmir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin yeni saytının təqdimat mərasimində çıxışı zamanı Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

"Ermənilər istər Dağlıq Qarabağ, istərsə də Sumqayıt hadisələrinin dünya ictimaiyyətinə çatdırılmasında yalan və birtərəfli informasiyadan istifadə edirlər. Bizim məqsədimiz isə, hərtərəfli informasiyanı dünya ictimaiyyətinə çatdırmaqdır", - Aslanov əlavə edib.

PA rəsmisinin sözlərinə görə, icmanın yeni saytı dörd dildə - Azərbaycan, rus, ingilis və erməni dillərində olacaq.

"Saytın erməni dilində də fəaliyyət göstərməsi Azərbaycanın tolerantlığının göstəricisidir", - PA-nın şöbə müdiri deyib.

Aslanov qeyd edib ki, Azərbaycan günü-gündən inkişaf edir.

"Bununla pararlel olaraq, Ermənistanın hazırkı hakimiyyətinin bədnam siyasəti nəticəsində bu ölkə hər gün öz vətəndaşlarını itirir. Ermənistan vətəndaşları öz ölkələrini tərk edirlər", - Aslanov çıxışında söyləyib.

O, hesab edir ki, qonşu ölkə siyasəti ilə öz vəziyyətini günü-gündən ağırlaşdırır.

"Ermənistan təcavüzkar siyasətini davam etdirir. Lakin bir müddət sonra Ter-Petrosyanın tezislərini tənqid edən Ermənistan hakimiyyəti onun irəli sürdüyü fikirlərlə razılaşmağa və işğal altında olan Azərbaycan torpaqlarından geri çəkilərək, sülh sazişi imzalamağa məcbur olacaq", - Aslanov qeyd edib.

Ermənistanın sabiq prezidenti Ter-Petrosyan yazdığı "Sülh, yoxsa müharibə?" adlı məqalədə qeyd edib ki, indi Ermənistan Azərbaycan qarşısında ağ bayraq qaldırmasa, sonradan qaldırmaq üçün qara bayraq da tapa bilməyəcək.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, hər bir Azərbaycan vətəndaşı informasiya müharibəsində iştirak etməlidir.

"Xarici qonaqlar, ekspertlər Azərbaycana gəlməzdən öncə ölkəmiz haqqında informasiyanı internetdən əldə etməyə çalışırlar. Ona görə də biz elə etməliyik ki, onlar internetdə axtarış apararkən həqiqətəuyğun informasiya tapa bilsinlər", - Aslanov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti