...

Danimarkada azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı BMT Baş katibinə müraciət edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 14 Mart 2011 14:02 (UTC +04:00)
Danimarka azərbaycanlılarının "Vətən" Cəmiyyəti 9 yaşlı Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən öldürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Muna və Danimarka Parlamentinə məktubla müraciət edib.
Danimarkada azərbaycanlı uşağın ermənilər tərəfindən öldürülməsi ilə bağlı BMT Baş katibinə müraciət edilib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

Danimarka azərbaycanlılarının "Vətən" Cəmiyyəti 9 yaşlı Ağdam rayonu Orta Qarvənd kənd sakini Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən öldürülməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Muna və Danimarka Parlamentinə məktubla müraciət edib. Trend-in məlumatına görə, bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

Məktubda 9 yaşlı Fariz Bədəlovun öz evinin həyətində oynadığı vaxt Ağdam rayonunun ermənilər tərəfindən işğal olunmuş Şıxlar kəndi istiqamətindən Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən başından güllə ilə vurulduğu, xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etməyin mümkün olmadığı bildirilir.

Müraciət müəllifləri qeyd edirlər ki, erməni tərəfinin atəşkəsi pozması artıq heç kəsdə təəccüb doğurmur. Təkcə ötən ay ərzində Ermənistan hərbi birləşmələri atəşkəs rejimini 50 dəfədən çox pozub, bunun nəticəsində iki nəfər Azərbaycan əsgəri həlak olub, iki nəfər isə yaralanıb. Yanvar ayında da eyni sayda əsgər həlak olub və yaralanıb.

"Nə qədər acınacaqlı olsa da, cəbhə xəttində əsgərlərin həlak olması gözləniləndir, lakin uşağın snayper tərəfindən öldürülməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindəki durumdan asılı olmayaraq, yolverilməzdir. Biz BMT-dən xahiş edirik ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməsi və işğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxması üçün Ermənistana təzyiq göstərsin", - məktubda deyilir.

Ermənistan silahlı qüvvələrini atəşkəs rejimini pozması nəticəsində matrın 8-də saat 17-18 bradələrində Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Arif oğlu Bədəlov öz evinin həyətində oynayan zaman Ermənistan qoşunlarının işğal etdikləri Şıxlar kəndi tərəfdən açılan atəşlə qətlə yetirilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti