...

Serj Sarkisyanın 9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsini inkar etməsi mənəviyyatsızlıqdır - Əli Həsənov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2011 18:11 (UTC +04:00)
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Ermənistan Prezidenti Serj Sarkisyanın 9 yaşlı azərbaycanlı uşağın öldürülməsini inkar etməsini mənəviyyatsızlıq adlandırıb.
Serj Sarkisyanın 9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsini inkar etməsi mənəviyyatsızlıqdır - Əli Həsənov

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Ermənistan Prezidenti Serj Sarkisyanın 9 yaşlı azərbaycanlı uşağın öldürülməsini inkar etməsini mənəviyyatsızlıq adlandırıb.

"Hamının gözünün qarşısında snayperlə vurulmuş 9 yaşında uşağın öldürülməsini inkar etmək üçün nə dərəcədə mənəviyyatsızlığa malik olmalısan. Onun "erməni ordusu uşağa əl qaldırmır" söyləməsi tamamilə biabırçı bir bəyanatdır. Bilirsiniz ki, Xocalı soyqırımı zamanı nəinki yüzlərlə günahsız uşaq, hətta yeriməyə çətinlik çəkən ağsaqqal, ağbirçək qocalar və yaşlı insanlar qətlə yetirilmişdi", - Trend-in məlumatına görə, cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Həsənov bildirib ki, onun erməni ordusunun bu biabırçı cinayətini, bu qeyri-insani addımlarını təkzib etmək cəhdi bu gün yalnız onun özündən başqa heç kəsi inandıra bilməz.

PA rəsmisi deyib ki, beynəlxallq təşkilatlar prinsipcə bu hadisəyə susmadılar.

"Bilirsiniz ki, ATƏT-in Minsk qrupunun həmsədrləri buna münasibət bildirdilər və bununla bağlı xüsusi araşdırıcı fəaliyyətin başlamasını da öz işçilərinə həvalə etdilər. Düşünürük ki, istər-istəməz bu faktın özünün beynəlxalq təşkilatlara çatdırılması və onların bu faktdan hali olmasının özü artıq erməni ordusuna müəyyən qiymətin verilməsi deməkdir. Əlbəttə, faktaraşdırıcı missiya, ATƏT-in həmsədrlər institutu və digər beynəlxalq təşkilatlar erməni ordusunun hansısa zabitini bu fəaliyyətinə görə dərhal cəzalandıra bilməz, amma istər-istəməz bu, erməni ordusunun, işğalçı ordunun əsgərinin nə qədər qeyri-insani bir simaya malik olduğunun göstəricisidir. Bunu da biz beynəlxalq təşkilatlara çatdırırıq", - Həsənov deyib.

Ermənistan silahlı qüvvələrinin martın 8-də saat 17:00-18:00 radələrində Ağdamın işğal altında olan Şıxlar kəndi istiqamətində atəşkəsi pozması nəticəsində 9 yaşlı Orta Qərvənd kənd sakini Fariz Arif oğlu Bədəlov həyətdə oynayarkən aldığı güllə yarasından ölüb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti