...

Vitse-spiker: Dağlıq Qarabağda yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Noyabr 2011 13:58 (UTC +04:00)
Dağlıq Qarabağda birgə yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər.
Vitse-spiker: Dağlıq Qarabağda yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər

Azərbaycan, Bakı, 16 noyabr / Trend müxbir M.Əliyev/

Dağlıq Qarabağda birgə yaşayacaq azərbaycanlılar və ermənilər yaşayış qaydalarını birgə müzakirə etməlidirlər. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

Muradova deyib ki, icmaların görüşündə əsas məqsəd o insanların Azərbaycan vətəndaşı olaraq gələcəkdə birgə yaşayış qaydalarının birgə müzakirə edilməsidir.

"Onlar bunu necə gördüklərini, necə təsəvvür etdiklərini müzakirə etməli, regionun idarə olunması ilə bağlı fikir mübadiləsi aparmalıdırlar, aralarında olan inamsızlığın aradan qaldırılması üçün tədbirlər görməlidirlər", - vitse-spiker bildirib.

O qeyd edib ki, ATƏT Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsi müzakirə olunarkən icmaların görüşlərinin keçirilməsi ideyasını irəli sürmüşdü.

Muradova hesab edir ki, icmaların görüşlərinin keçirilməsinin təşəbbüskarı kimi daha çox beynəlxalq və regional qeyri-hökumət təşkilatların çıxış etməsi daha məqsədəuyğun olardı.

"Çünki biz bu görüşləri siyasiləşdirmək və danışıqlara alternativ kimi ortaya qoymaq istəmirik. İcmaların görüşü prezidentlərin, onların nümayəndələrinin, eləcə də Minsk qrupu həmsədrlərinin fəaliyyətinin alternativi ola bilməz. Bu, yalnız müəyyən mərhələdə prosesə təsir göstərə bilər", - vitse-spiker bildirib.

Noyabr ayının sonlarında Almaniyada Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsi planlaşdırılır.

Muradova Ermənistan tərəfinin və Dağlıq Qarabağda yaşayan erməni icmasının nümayəndələrinin icmaların görüşlərinin keçirilməsinin əhəmiyyətsizliyi barədə fikirlərinin elə də vacib olmadığını qeyd edib.

"Çünki ermənilər danışıqlar prosesində də qeyri-konstruktiv mövqe nümayiş etdirirlər", - o deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti