...

Mübariz Qurbanlı: Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutması müsbət haldır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2012 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir E.Mehdiyev/

Rusiya Prezidentinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutmasının özü müsbət haldır. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

"Çünki istər-istəməz Dağlıq Qarabağ probleminin həlli danışıqlar prosesindən keçir. Azərbaycan Prezidenti də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ölkəmizin danışıqlar prosesinə sadiq olduğunu birmənalı şəkildə ifadə edib", - Qurbanlı bildirib.

Qurbanlı qeyd edib ki, görüşlər istənilən nəticəni verməsə də, hər bir görüş nəticə etibarilə hansısa formada tərəflərin bu və digər məsələ ilə bağlı mövqelərinin yaxınlaşmasına müəyyən təsir göstərir.

Onun sözlərinə görə, bu gün Ermənistanda "Daşnaksutyun" partiyası istisna olmaqla, əksər siyasi qüvvələr Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilərin qaytarılması ilə əlaqədar ümumi razılıq mövqeyini hansısa formada ifadə edir. Yəni Ermənistan hakimiyyəti də ətraf rayonların qaytarılmasının danışıqlar prosesinin irəli getməsi üçün vacib şərt olduğunu bilir.

YAP icra katibinin müavini qeyd edib ki, Dağlıq Qarabağın statusunun müəyyənləşməsində mövqelər fərqlidir.

"Təbii ki, münaqişənin həllində supergüclərin öz maraqları var. Ona görə də münaqişənin həllində irəliləyiş yoxdur. Ermənistanda da bu münaqişənin həllinin uzanmasının erməni xalqına hansı fəlakətlərin gətirdiyini anlayan şəxslər var. Soçi görüşünə gəlincə, Rusiya Prezidenti Dmitri Medvedev bu məsələdə səmimi təşəbbüslər göstərib. Lakin təəssüf ki, münaqişənin həllinə mane olan qüvvələr də var. Eyni zamanda, Ermənistanın indiki rəhbərliyi məsələnin həllində qeyri-konstruktivlik nümayiş etdirir. Onlar öncə Dağlıq Qarabağın statusunun həlli edilməsini istəyir. Azərbaycan isə məsələnin mərhələli yolla həllinin tərəfdarıdır. Fikrimcə, Soçi görüşündə münaqişənin həlli ilə bağlı hansısa siyasi qərarın qəbul olunması gözlənilən deyil. Amma hər halda Soçidə əvvəlki görüşlə müqayisədə irəliyə doğru addım atılacağını düşünürəm", - Qurbanlı vurğulayıb.

Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın görüşü yanvarın 23-də Soçidə keçiriləcək.

Bu görüş RF Prezidentinin təşəbbüsü ilə təşkil olunan sayca onuncu görüş olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti