...

Fərhad Məmmədov: Erməni diasporu ABŞ-a Qarabağ nizamlamasında fəal iştirak etməyə mane olur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Oktyabr 2012 12:16 (UTC +04:00)
Erməni diasporunun təsiri nəticəsində Vaşinqton Cənubi Qafqazda sülhə və təhlükəsizliyə başlıca təhdidin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv həllində fəal iştirak etmək imkanına malik deyil.
Fərhad Məmmədov: Erməni diasporu ABŞ-a Qarabağ nizamlamasında fəal iştirak etməyə mane olur

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Erməni diasporunun təsiri nəticəsində Vaşinqton Cənubi Qafqazda sülhə və təhlükəsizliyə başlıca təhdidin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv həllində fəal iştirak etmək imkanına malik deyil. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov belə hesab edir.

"Ötən iyirmi il ərzində ABŞ-ın Cənubi Qafqaz siyasəti Azərbaycan və Gürcüstanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, regional təhlükəsizliyin təminatında konstruktiv rol oynamışdır. Lakin, erməni diasporunun təsiri nəticəsində Vaşinqton Cənubi Qafqazda sülhə və təhlükəsizliyə başlıca təhdidin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv həllində fəal iştirak etmək imkanına malik deyil", - Trend-in məlumatına görə, Məmmədov cümə günü "Regional sülhün və təhlükəsizliyin qurulmasında Azərbaycan-Amerika əməkdaşlığının rolu" konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, regionun indiki durumunu "normal" adlandırmaq olmaz və xaricdən təsir, bəlkə də təzyiq olmadan təhlükəsiz gələcəyin formalaşması üçün əlverişli şərait yaratmaq mümkün deyil. "Fikrimizcə, ABŞ bu istiqamətdə lazımi qədər fəal deyildir və münaqişənin həllinin yalnız iştirakçı tərəflərin iradəsindən asılı olması barədə bəyanatlar səsləndirmək ən azı məsuliyyətsizlikdir. Əgər işğalçı tərəf - Ermənistan Respublikası əsassız tələblər irəli sürürsə və bütün vasitələrlə mövcud status-kvonu saxlamağa çalışırsa, hansı siyasi iradədən söhbət gedə bilər?!",-Məmmədov deyib.
SAM rəhbəri hesab edir ki, Amerika Birləşmiş Ştatları dünyanın ən güclü dövləti olaraq, münaqişənin nizamlanması prosesində əsas rol oynaya bilər və bunu etməlidir.

Onun sözlərinə görə, Azərbaycan sülh danışıqlarının indiki mərhələsində regionun yeni mənzərəsini yaratmaqdadır. "İşğal altında olan ərazilər azad edildikdən sonra Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan sərhədləri açılacaq, Ermənistanın əldə edəcəyi qısamüddətli perspektivlər ölkənin iqtisadi artımını təqribən 20 faiz yüksəltməyə imkan verəcəkdir. Regionun dəyişən mənzərəsi yeni reallıqlar yaratmaqla, Ermənistanın dövlət müstəqilliyini möhkəmləndirəcək və bu şəraitdə Azərbaycan Respublikasının tərkibində olan Dağlıq Qarabağın hüquqi statusu məsələsi bir müddət dinc danışıqların mövzusu kimi qalacaqdır. Münaqişənin həlli istənilən şəraitdə ABŞ-nin Cənubi Qafqazdakı maraqlarına xələl gətirməyəcək, əksinə, Amerika ilə tərəfdaş olan dövlətlərin təhlükəsiz və uğurla inkişaf edən region ətrafında birləşməsinə əlverişli şərait yaradacaq", - Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti