...

Azərbaycanın vitse-spikeri Ermənistanın sabiq XİN rəhbərinin fikirlərinə münasibət bildirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2012 13:29 (UTC +04:00)
Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistanın sabiq xarici işlər naziri, bu ölkənin İrs Partiyasının sədri Raffi Hovanisyanın Dağlıq Qarabağ barəsində Bakıda söylədiyi fikirlərə münasibət bildirib.
Azərbaycanın vitse-spikeri Ermənistanın sabiq XİN rəhbərinin fikirlərinə münasibət bildirib

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir E. Mehdiyev/

Milli Məclisin sədr müavini Bahar Muradova Ermənistanın sabiq xarici işlər naziri, bu ölkənin İrs Partiyasının sədri Raffi Hovanisyanın Dağlıq Qarabağ barəsində Bakıda söylədiyi fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, Muradova jurnalistlərə açıqlamasında deyib ki, beynəlxalq hüquq prinsiplərini ayaq altına alıb tapdayan, təcavüzkarlığı dövlət siyasəti çərçivəsində normal hesab edən Ermənistan indi də özündə iradə tapıb işğalçılığını boyuna alardı.

Vitse-spikerin sözlərinə görə, Ermənistan boynuna almalıydı ki, qonşu dövlət olan Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır.

"Bunun nəticəsində isə bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bütün bunları törədən Ermənistan boynuna almaq istəmir", - o deyib.

Muradova qeyd edib ki, Azərbaycanın qətiyyətli mövqeyi var. Azərbaycan ərazisində ikinci Ermənistan dövləti yaradıla bilməz və Azərbaycan heç bir zaman torpaqlarının işğal altında qalması faktı ilə barışmayacaq.

"Azərbaycan məhz beynəlxalq hüquqa söykənərək öz vətəndaşlarının təhlükəsizliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün lazımi addımları atacaq. Hesab etmirəm ki, Ermənistan tərəfinin belə fikirləri Azərbaycanda ictimai rəyə hər hansı bir təsir göstərsin. Çünki Ermənistanın işğalçı olduğunu BMT-nin 4 qətnaməsi, ATƏT-in qəbul etdiyi sənədlər və Minsk Qrupunun bəyanatları bir daha göstərir", - vitse-spiker deyib.

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak üçün Bakıya gələn Ermənistanın sabiq xarici işlər naziri Raffi Hovanisyan jurnalistlərə Dağlıq Qarabağın separatçı rejiminin tanınmasının vacibliyinə dair açıqlama verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti