Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İ.İzzət/
Cəbhə bölgəsində düşmən gülləsindən şəhid olmuş zabitimiz ölümündən sonra medalla təltif olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmənin cəbhə bölgəsində təxribatları davam edir.
Yanvarın 23-də saat 13:45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon şöbəsi tərəfindən 1996-cı il tarixində hərbi xidmətə çağırılan Silahlı Qüvvələrimizin zabiti, 1978-ci il təvəllüdlü kapitan Cəfərov Elnur Cəfər oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.
Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!