...

Britaniya səfiri: Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Mart 2014 15:18 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət göstərməli olan beynəlxalq təşkilatlar hələ də ikili standartlara yol verirlər.
Britaniya səfiri: Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyət göstərməli olan beynəlxalq təşkilatlar hələ də ikili standartlara yol verirlər. Trend-in məlumatına görə, bu barədə "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov Böyük Britaniyanın Xarici məsələlər ofisinin Cənubi Qafqazda münaqişələr üzrə müşaviri Dr. Kristofer Joys, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq ilə görüşdə deyib.

B.Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır: "Biz bu istiqamətdə həm Aİ-dən, həm böyük dövlətlərdən, eləcə də Böyük Britaniyadan, həmçinin bu məsələ ilə məşğul olan digər qurumlardan qətiyyətli mövqe gözləyirik".

İ.Siddiq isə öz növbəsində bildirib ki, 22 ildən artıq zaman ərzində Dağlıq Qarabağ və ətraf rayonlardan olan qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına gedə bilməməsi böyük ədalətsizlikdir. Səfir həmçinin qeyd edib ki, münaqişənin həllində əsas prinsiplər kimi problemin sülh yolu ilə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması mütləq şərtlərdəndir.

Görüşdə çıxış edən millət vəkilləri Rövşən Rzayev və Elman Məmmədov dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən danışıblar. Rövşən Rzayev qeyd edib ki, əlbəttə, dövlət məcburi köçkünlərin sosial-iqtisadi problemlərini mərhələ-mərhələ həll edir, amma bu insanların hər birisi öz doğma torpaqlarına qayıtmaq istəyirlər.

E.Məmmədov münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunu, Aİ, BMT və digər beynəlxalq qurumları qətiyyətli olmağa çağırıb.

Daha sonra çıxış edən İcmanın Əlaqələndirmə şurasının sədri Orxan Əkbərov qonaqların nəzərinə çatdırıb ki, münaqişə nəticəsində əziyyət çəkən, 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan, Xocalı soyqırımını yaşayan bizlərik. Bütün bunlara baxmayaraq, regionda sülh yaratmağa çalışan və münaqişənin sülh yolu ilə həll olunmasına çalışanda elə bizlərik. Lakin Ermənistan hökümətinin tutduğu mövqe icmaların görüşünə və münaqişənin həll olunmasına maneə törədir.

Müşavir Dr. Kristofer Joys isə öz növbəsində qeyd edib ki, münaqişənin həlli istiqamətində icmalararası görüşün təşkil olunması çox vacibdir: "Bu məsələdə aydın görünür ki, Azərbaycan icmasının görüşlərin təşkil olunması üçün iradəsi var. Bu səbəbdən icmalar arasında görüşlərin təşkili üçün biz əlimizdən gələn hər bir köməyi etməyə çalışacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti