Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir Elçin Mehdiyev/
ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyası çərçivəsində təşkilatın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında müzakirə edilən "Helsinki+40: Hər bir insanın təhlükəsizliyinə doğru" qətnamə layihəsinə hazırkı situasiyaya uyğun əlavə və dəyişiklər var. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev qətnamə layihəsinə münasibət bildirərkən deyib.
Qətnamə layihəsinin əsasən silah və sursata ümumi nəzarətlə bağlı olduğunu deyən A.Quliyev bildirib ki, ATƏT-in bu istiqamətdə bir sıra sənədləri, o cümlədən Vyana sənədi var.
Onun sözlərinə görə, bu sənədlər əsasən bu istiqamətdə bu gün mövcud olan çərçivəni tənzimləyir: "Ancaq bu gün müzakirəyə çıxarılan qətnamə layihəsində hazırkı situasiyaya uyğun əlavələr var. Mən xüsusən Ukraynadakı vəziyyəti nəzərdə tuturam. Ona görə də bu, çox önəmli layihədir. Bu, bütövlükdə Helsinki prinsiplərinin ATƏT regionunda tətbiqi üçün yeni stimul verəcək".
Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsinin əksini tapıb-tapmamasına münasibət bildirən A. Quliyev deyib ki, bu ilin aprel ayında Kopenhagendə ATƏT PA-nın Bürosunun iclasında qətnamə layihəsinə 2 mühüm maddə salınmasını təklif edib.
Onun sözlərinə görə, bu maddələrdən biri konfliktlərin həllinin yalnız ölkələrin ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı olub: "Bu müddəa artıq bu gün müzakirə edilən qətnamə layihəsində var. Digər tərəfdən, bu gün bəzi ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmiləşdirməyə çalışır. Təəssüf ki, bu gün Ukraynada eyni halla rastlaşmışıq. Hesab edirik ki, konkret çərçivə müəyyənləşməlidir. Ona görə də ikinci təklifimiz onunla bağlı olub ki, bu gün bir çox ölkələr qondarma referendum yolu ilə digər ölkələrin ərazisinin işğalını rəsmləşdirməyə çalışır".
A.Quliyev qeyd edib ki, təəssüf ki, bu gün Azərbaycan da, Ukrayna da belə hal ilə rastlaşıb: "Hesab edirik ki, bu məsələnin konkret bir çərçivəsi müəyyən edilməlidir. Təklifimiz ondan ibarət olub ki, bu gün referendum yalnız həmin ölkələrin qanunlarına və konstitusiyasına və beynəlxalq hüquq normalarına uyğun şəkildə keçirilməlidir. Bu, o deməkdir ki, mərkəzi hakimiyyətin razılığı olmadan hər hansı bir ölkədə referendum keçirilə bilməz".
A.Quliyev qeyd edib ki, bu gün ilk dəfədir bu məsələ ATƏT PA-nın qətnamə layihəsinə daxil edilib: "Ümid edirəm ki, ATƏT-in Bakı deklarasiyasında bu məsələ öz əksini tapacaq".