...

ABŞ səfirliyi: Güc tətbiqi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2014 15:07 (UTC +04:00)
Səfirliyin məlumatında deyilir: "Biz yenidən münaqişə tərəflərini güc tətbiqi və ya güc tətbiqi hədələrindən kənar olmağa çağırırıq".
ABŞ səfirliyi: Güc tətbiqi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Güc tətbiqi Dağlıq Qarabağ münaqişəsini həll etməyəcək. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində erməni separatçıları tərəfindən iki azərbaycanlının girov götürülməsi və onlara qarşı cinayət işi açılması, eləcə də bir azərbaycanlının öldürülməsi barədə erməni mətbuatındakı məlumatlara dair Trend-in sorğusuna cavabında bildirib.

Səfirliyin məlumatında deyilir: "Biz yenidən münaqişə tərəflərini güc tətbiqi və ya güc tətbiqi hədələrindən kənar olmağa çağırırıq".

Məlumatda qeyd olunur ki, ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində tərəflərlə birgə işləmək öhdəliyinə sadiq qalır.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Cəlal oğlu Quliyev və Dilqəm Qardaşxan oğlu Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara qarşı cinayət işi açıldığı barədə məlumatlar yayılıb.

Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə bəyan edib ki, son günlər Ermənistana aid elektron kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda, o cümlədən video və fotomateriallarda Azərbaycan Respublikasının Kəlbəcər rayonu ərazisində girov götürüldüyü bildirilən Azərbaycan vətəndaşlarının sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı məsələ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının gündəlik diqqət mərkəzindədir.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Trend-ə deyib ki, ermənilər tərəfindən 2 nəfərin girov götürülməsi və bir nəfərin öldürülməsi ilə bağlı kütləvi informasiya vasitələrində haqqında məlumat yayılan azərbaycanlı şəxslərin ailələri rəsmən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib. Hazırda BQXK bu məsələ ilə əlaqədar tərəflərlə dialoqu davam etdirir.

Bundan daha öncə BQXK bəyan etmişdi ki, Azərbaycanın hakimiyyət orqanları Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Azərbaycan vətəndaşının saxlanılması haqqında kütləvi informasiya vasitələrində gedən məlumatları dəqiqləşdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) müraciət ediblər. Onun sözlərinə görə, Azərbaycan tərəfi BQXK-dan məlumatın təsdiqləndiyi halda mandatına uyğun prosedurları həyata keçirməyi xahiş edib.

Azərbaycan Müdafiə Nazirliyi bununla bağlı rəsmi açıqlama verərək bəyan edib ki, Ermənistan mediasında yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Silahlı Qüvvələrində xidmət etmir.

Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, işğal olunmuş ərazilər suveren Azərbaycanın torpaqlarıdır, azərbaycanlıların həmin ərazilərə keçməsinə və orada sərbəst hərəkət etməsinə qadağa qoyula bilməz. Erməni tərəfinin iddialaraına baxmayaraq, bu şəxslər heç bir dövlət sərhəddini də pozmayıblar. Çünki işğal nəticəsində, qeyri-qanuni yolla "qurulmuş" qondarma rejimin nəzarətindəki torpaqlar BMT tərəfindən tanınan Azərbaycan Respublikasının ərazisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti