...

Azərbaycanın millət vəkili erməniləri necə susdurdu?

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2014 13:48 (UTC +04:00)
Ermənilər Avronest Parlament Assambleyasının Sosial Komitəsinin Brüsseldə keçirilən iclasında ifşa olunub.
Azərbaycanın millət vəkili erməniləri necə susdurdu?

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Ermənilər Avronest Parlament Assambleyasının Sosial Komitəsinin Brüsseldə keçirilən iclasında ifşa olunub.

Trend-in məlumatına görə, iclasda Azərbaycan Milli Məclisinin üzvü, Avronest Parlament Assambleyasının komitə sədrinin müavini Azay Quliyev də iştirak edib.

İclasda münaqişə bölgələrində etimad mühitinin yaradılması haqqında Avropa İttifaqının rəsmisi Adriano Martinsin məruzəsi dinlənilib və "Şərq tərəfdaşlığı" ölkələrinin münaqişə bölgələrində, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində etimadın yaradılması missiyası barədə ətraflı məlumat verilib.

Müzakirələr zamanı çıxış edən A.Quliyev etimad mühitinin yaradılması istiqamətindəki tədbirlərə müsbət yanaşdığını və bunun üçün ilk növbədə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə görüşünün təşkilinin vacib olduğunu bildirib. Deputat fikrini onunla əsaslandırıb ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərlə oradan zorla çıxarılmış azərbaycanlılar mütləq bir araya gəlməli və regionun gələcək statusunu birgə müəyyənləşdirməlidirlər.

Ermənistanı təmsil edən Tevan Poqosyan isə qondarma "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğu və sülh danışıqlarında onun da ayrıca münaqişə tərəfi kimi iştirak etməsi haqqında əsassız fikirlər səsləndirib.

Təkrar söz alan A.Quliyev erməni deputatı yalan danışmaqda və auditoriyanı çaşdırmaqda ittiham edərək "DQR" deyilən bir qurumun mövcud olmadığını, heç bir dövlət, o cümlədən Ermənistan və beynəlxalq qurum tərəfindən tanınmadığını, münaqişədə yalnız iki tərəfin - işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın olduğunu və bu formatın ATƏT-in Minsk qrupu tərəfindən qəbul edildiyini Aronest PA nümayəndələrinin diqqətinə çatdırıb və auditoriyanı aldatmamağa çağırıb. Eyni zamanda, A.Quliyev Aİ-nin Xarici Əlaqələr Xidmətinin nümayəndəsi, xidmətinin "Şərq tərəfdaşlığı" bölməsinin sədr müavini Adriano Martinsə açıq sual ünvanlayaraq erməni deputatın bəhs etdiyi qondarma "DQR" adlı bir qurumun olub-olmamasını və onu Avropa İttifaqının tanıyıb-tanımamasını auditoriya qarşısında elan etməsini xahiş edib. A.Martins millət vəkilinin sualına cavab olaraq bildirib ki, "DQR" adlı bir qurum yoxdur, belə bir qurumu nə tanıyır, nə də qəbul edirlər.

Bu cavabdan sonra erməni deputatlar bir daha bu məsələyə qayıtmayıblar. Daha sonra A.Quliyev Dağlıq Qarabağa qanunsuz səfər edənlərin Azərbaycan tərəfindən "qara siyahlya" salınması və onlara viza verilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib, bu siyasətin bundan sonra da davam edəcəyini bildirib.

Ciddi müzakirələrə səbəb olan daha bir məsələ "Şərq tərəfdaşlığı" ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun noyabrın 21-də Batumidə keçiriləcək illik toplantısında tanınmayan ərazilərin "QHT-lərinin" dəvət olunması haqqında Gürcüstandan olan məruzəçi Mirzalişvilinin təklifi olub.

A.Quliyev bu təklifin çox zərərli, sülh danışıqlarının ruhuna zidd olduğunu bildirdi və belə bir addımı separatçı rejimlərin stimullaşdırılması və dolayısı ilə işğal edilmiş ərazilərdə mövcud olan qondarma rejimlərin legitimləşdirilməsi cəhdi kimi qiymətləndirib. Millət vəkili fikrini əsaslandıraraq bildirib ki, heç bir legitim əsasa söykənməyən bu cür qurumların "Şərq tərəfdaşlığı" ölkələrinin Vətəndaş Cəmiyyəti Forumuna dəvət olunması təşəbbüsü Azərbaycan Milli Platforması tərəfindən qəti şəkildə pislənilib və bu qanunsuz addım atılacağı halda Azərbaycan bu forumda iştirakını dayandıracaq.

"Şərq tərəfdaşlığı" ölkələrinin Vətəndaş Cəmiyyəti Forumunun məruzəçisi Mirzaişvili bu məsələnin həlli üçün konsensusun zəruriliyini qeyd edib və Azərbaycanın mövqeyinin nəzərə alınacağını bildirib.

Yekunda A.Quliyev "Mədəniyyət və "Şərq tərəfdaşlığı" kontekstində mədəniyyətlərarası dialoq" mövzusunda məruzə layihəsi ilə bağlı müzakirələrdə iştirak edib, məruzə ilə bağlı öz fikirlərini və təkliflərini səsləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti