...

"Ermənilər "Böyük Ermənistan" yaratmaq məqsədilə azərbaycanlılara qarşı mərhələli şəkildə terror aktları həyata keçiriblər"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2014 13:51 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda konfrans keçirilib.
"Ermənilər "Böyük Ermənistan" yaratmaq məqsədilə azərbaycanlılara qarşı mərhələli şəkildə terror aktları həyata keçiriblər"

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov qeyd edib ki, Ermənistan, erməni diasporu və lobbisi, habelə ermənipərəst ictimai-yaradıcı birliklər və qeyri-hökumət təşkilatları 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100-cü ildönümünü çoxsaylı kütləvi tədbirlərlə geniş coğrafi miqyasda qeyd etməyə hazırlaşırlar. Bu məqsədlə dünya dövlətlərini, xüsusilə siyasi arenada söz sahibi olan ölkələri ciddi cəhdlə qondarma "soyqırım"ın tanınması məsələsinin həllinə yönəltməyə çalışan erməni diaspor təşkilatları son aylarda daha da fəallaşıb.

O, həmçinin Ermənistanın işğalçılıq siyasətinə son qoyulacağına və Azərbaycan torpaqlarının gec-tez geri qaytarılacağına əminliyini ifadə edib.

Konfransda "Terrorçuluq və təcavüzkar separatçılıq Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir" mövzusunda çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasının baş müəllimi Azər Səlimov qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində Ermənistan tərəfindən ölkəmizə qarşı 373 terror aktı, Xocalı soyqırımı kimi faciələr törədilib, nəticədə minlərlə insan ölüb və yaralanıb.

Erməni terrorçuluğunun təşəkkül tarixi və prinsipləri barədə qısa məlumat verən A.Səlimov bildirib ki, erməni təşkilatları öz məqsədlərinə çatmaq üçün zaman-zaman siyasi terror aktlarından istifadə edirlər: "Ermənilər "Böyük Ermənistan" yaratmaq məqsədi ilə 1905-ci ildən başlayaraq azərbaycanlılara qarşı mərhələli şəkildə terror aktları həyata keçiriblər. Azərbaycanda bir sıra terror aktlarının Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil olunması maddi dəlillərlə istintaq yolu ilə sübuta yetirilib. Terrorçu şəxslər Ermənistan tərəfindən nəinki cinayət məsuliyyət cəlb edilib, əksinə milli qəhrəman səviyyəsinə yüksəldilib".

Onun sözlərinə görə, erməni terroru beynəlxalq terrorun tərkib hissəsidir. Onlar Azərbaycanla yanaşı, bir neçə ölkələrdə də terror aktları təşkil ediblər: "Hazırda Azərbaycanın xüsusi xidmət orqanları erməni terrorunun qarşısının alınması istiqamətində uğurlu əməliyyatlar həyata keçirir, onların bu mənfur niyyətlərini iflasa uğradır".

A.Səlimovun fikrincə, terrorçuluqla mübarizədə bir və ya bir neçə ölkənin deyil, bütün dünya ökələrinin səyləri birləşdirilməlidir.

MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, filologiya elmləri doktoru, professor Cəlal Qasımov Azərbaycanın tanınmış ədiblərinə, görkəmli şəxsiyyətlərinə və onların ailələrinə qarşı edilən təzyiqlər, repressiyalar, onların sürgün edilməsi, fiziki cəhətdən məhv edilməsinə dair nümunələr barədə məlumat verib.

Onun sözlərinə görə, o zaman azərbaycanlılar üçün güllələnmə ən yüngül cəza hesab edilirdi. Azərbaycanlıların genlərini dəyişdirir, genlərinin mutasiyasına çalışır, milli musiqi alətlərimiz özəlləşdirir, azərbaycanlı ziyalıların əlyazmalarını yandırıb məhv edirdilər: "Ermənilər Qafqazda qafqazlılar üçün deşilməmiş çibandır. Bu çiban deşilmədikcə, çirki axmadıqca Qafqazda dinclik olmayacaq".

Konfransda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər" mövzusunda çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov qeyd edib ki, Dövlət Komissiyası yaranandan keçmiş 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının Vətənə qaytarılmasına müvəffəq olunub: "Təəssüf ki, onlardan bir qisminin cənazələri gətirilib. Digərləri isə sağ olaraq əsir və girovluqdan azad edilib".

Tədbirdə çıxış edən DİA-nın professoru Elman Nəsirov isə bildirib ki, hazırda ermənilərin məqsədi dünyanın diqqətini qondarma "soyqırım"ın 100 illiyinə yönəltmək və onun müxtəlif ölkələrdə tanınmasına nail olmaqdır: "Onlar bu məqsədlə dezinformasiyalar yayırlar. Azərbaycan ermənilərin müxtəlif mənfur niyyətlərinin qarşısının alınması üçün uğurlu addımlar atır. Lakin təəssüf ki, hələ də torpaqlarımız işğaldan azad edilməyib".

Konfransda iştirak edən təhsil nazirinin müşaviri İlham Pirməmmədov gənclərə müraciət edərək deyib ki, hər bir Azərbaycan vətəndaşı vətənpərvər olmalı, ailəsini, ölkəsini sevməlidir: "Gənclərimiz, tələbələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müfəssəl məlumatlı olmalı, xarici ölkələrdə, müxtəlif yerlərdə debatlarda bu mövzuda rahat çıxış edə bilməlidirlər".

Tədbirin sonunda MTN-in İctimai Əlaqələr Mərkəzi və İctimai Televiziyanın birgə hazırladıqları "Dünya həqiqətləri bilməlidir" sənədli filmi nümayiş etdirilib.

Qeyd edək ki, konfrans Milli Təhlükəsizlik Nazirliyi (MTN), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Təhsil və İdman və Gənclər nazirliklərinin məsul şəxsləri də iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti