...

Azərbaycan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq təşkilatlarla işi davam etdirir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyun 2016 12:37 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyəti beynəlxalq təşkilatlarla iş davam etdirilir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov bu gün Milli Məclisdə keçirilən "18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü"nə həsr olunmuş dinləmələrdə deyib.

İ.Axundov bildirib ki, hazırda Komissiya həmin şəxslərin dərhal azad edilməsi, eyni zamanda əsir və girov götürülən şəxslərin gələcəkdə qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim edilməsini təklif edib.

Onun sözlərinə görə, hazırda bununla bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə məsləhətləşmələr aparılır.

İ.Axundov əlavə edib ki, bu il aprelin 2-5-də ermənilərin təxribatı nəticəsində qoşunların təmas xəttində hərbi əməliyyatlar zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Dövlət Komissiyasının işçi qrupu sutkalıq iş rejimində çalışıb.

Onun sözlərinə görə, həlak olmuş 19 erməni hərbçinin meyiti qarşı tərəfə verilib, 13 Azərbaycan hərbçisinin meyiti alınıb.

İ.Axundov əlavə edib ki, hazırda 3803 nəfər əsir və girov kimi Komissiyada qeydiyyatdadır, onlardan 252 nəfəri qadın olmaqla, 709 nəfəri mülki şəxsdir.

İşçi qrupunun rəhbəri bildirib ki, Ermənistan tərəfi əsir və girovlarla bağlı statistikanı gizlədir, inkar edir: "Bununla belə, Komissiya əsir və girovların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti