Bakı. Trend:
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun vitse-prezidenti və Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Aktau şəhərində tədbir keçirib.
Baş konsulluqdan Trend-ə verilən məlumata görə, Aktau şəhərinin RENEISSANSE-Aktau otelində təşkil olunmuş tədbirdə Aktau şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, Manqistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətinin üzvləri, digər milli-mədəni cəmiyyətlərin rəhbərləri və üzvləri, “Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası”nın (ABİA) üzvlər, ictimaiyyət nümayəndələri və azərbaycanlı tələbələr iştirak edib.
Tədbir keçirilən zalda Xocalı soyqırımını əks etdirən foto və kitabların sərgisi təşkil olunub.
Tədbirin əvvəlində Xocalı soyqırımında həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat verib. O, ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasında son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kompaniyasından danışıb.
Türkiyənin Aktau şəhərindəki Baş konsulu Korhan Küngeri Xocalı sakinlərinə qarşı törədilmiş cinayətin insanlığa qarşı törədilmiş cinayət olduğunu qeyd edərək, Xocalı soyqırımı ilə bağlı Türkiyə Xarici İşlər nazirliyinin bəyanatını oxuyub.
Qazaxıstan Xalqları Assambleriyasinin Xalq Həmrəyliyi təşkilatının sədri, Dağıstan xalqları milli mədəni cəmiyyətinin sədri Yusup Şaxşayev, professor Yusif Quliyev, şair Rövşən Həsənli, istefada olan mayor Bəxtiyar Məsimov çıxış edərək, Xocalı faciəsinin insanlığa qarşı törədilmiş və misli görünməmiş bir faciə olduğunu, bu cinayəti törədənlərin tezliklə ədalət məhkəməsində cavab verəcəklərinə nail olunacaqlarını bildirib.
Tədbirdə Baş konsulluq və Yesenov adına Aktau şəhərində Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetinin nəzdində fəaliyyət göstərən “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” tərəfindən tələbələr arasında Xocalı soyqırımı ilə bağlı təşkil olunmuş inşa yazı müsabiqəsinin qalibləri çıxışlar edib.
Çıxışlardan sonra Xocalı soyqırımı ilə bağlı sənədli filmin nümayişi olub.
Tədbir sonunda iştirakçıları tərəfindən RENEISSANSE-Aktau otelinin önündə Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Biz ədalət tələb edirik” şüarları səsləndirərək səmaya qara şarlar buraxılıb.