...

Deputat: Erməni yalanlarının üzə çıxarılmasına dünya azərbaycanlıları cəlb edilməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Oktyabr 2020 12:15 (UTC +04:00)
Deputat: Erməni yalanlarının üzə çıxarılmasına dünya azərbaycanlıları cəlb edilməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün erməni yalanlarının üzə çıxarılması prosesinə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da cəlb edilməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycana qarşı yalnız səngərlərdə döyüş getmir, həm də dünya erməniləri ölkəmizə qarşı informasiya müharibəsi apararaq yalan informasiyalar yayırlar:

“Bu informasiya müharibəsi çox təhlükəlidir, çünki dünya qərəzli informasiyalarla qidalanır. Düşünürəm ki, Azərbaycan gənclərini bu işə cəlb etmək çox mühüm məsələdir. Bu istiqamətdə müəyyən işlər görülür, amma indi onların sayı daha çox olmalıdır”.

A.Mollazadə qeyd edib ki, informasiya müharibəsində qalib olmaq üçün ilk növbədə bütün erməni mənbələrində, eləcə də sosial şəbəkələrdə, informasiya agentliklərində yayılan yalan məlumatlar ciddi şəkildə izlənilməli və bunlar tutarlı faktlarla təkzib edilməlidir:

“Biz çox istərdik ki, Azərbaycanın diaspor təşkilatları bu çətin məqamda səfərbər olsunlar və yaşadıqları ölkədə erməni yalanlarını, iftiralarını təkzib etsinlər. Diaspor təşkilatları eyni zamanda, öz yaşadıqları ölkələrin media, informasiya qurumları ilə əlaqə yaradaq onlara həqiqəti çatdırsınlar. Digər çox mühüm amil ondan ibarətdir ki, biz bu informasiya müharibəsində müasir texnoloji üsullardan istifadə etməyə çalışmalıyıq. Burada söhbət yalnız yazı materiallarından getmir. Təbliğat üçün mütləq videokadrlardan, fotolardan istifadə edilməlidir. Azərbaycan şəbəkələri də bu istiqamətdə ermənilərin bütün yalanlarına tutarlı faktlarla cavab verməlidirlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti