Bakı. Trend:
8 oktyabr tarixində Amerikanın paytaxtında böyük nüfuza malik Amerika Milli Təhlükəsizlik Yəhudi İnstitutu (Jewish Institute for National Security of America - JINSA) tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinə dair vebinar keçirilib. Görüşün iştirakçıları JİNSA-nın İcraçı direktoru Maykl Makovski, Mərkəzi Asiya, Qafqaz və Türkiyə ölkələri üzrə tədqiqatçı Dr. Svante Kornel və səfir Elin Süleymanov olub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Mayk Makovski çıxışında Dağlıq Qarabağ münaqişəsi və son günlərdə Ermənistan və Azərbaycan arasında gərginliyin müşahidə olunduğunu qeyd edib. Çıxış edən səfir Süleymanov hazırkı döyüşlərin Azərbaycan ərazisində baş verdiyi və Azərbaycanın torpaqlarının işğalını təsdiq edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının təmin edilməli olduğunu diqqətə çatdırmışdır. Bildirib ki, cari ilin iyul ayında təmas xəttindən kənarda Ermənistanın Azərbaycana Tovuz rayonu istiqamətində hücumu Azərbaycanın enerji layihələrinə zərbə vurmaq məqsədini daşıyırdı. 27 sentyabr tarixində də Ermənistan yenidən Azərbaycana hücum edərək növbəti təxribatını törətmişdir. Hücumlar zamanı Ermənistan mülki əhalinin yaşadığı Azərbaycanın ikinci böyük şəhəri Gəncə və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri, Bərdə rayonunu artilleriya atəşinə tutmuş və dinc əhalini hədəfə almışdır. Regionda sülhün bərqərar olması üçün Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini çıxartmasının vacib şərt olduğu diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycanla İsrail arasında yaxın əməkdaşlıq və tərəfdaşlıq olduğunu, əlaqələrin çoxsaylı və uğurlu olmasını vurğulayan səfir Süleymanov deyib ki, Ermənistanın məqsədi məhz uğurlara zərər yetirməkdir. Halbuki məhz Azərbaycan İsrail ilə müsəlman dövlətləri arasında münasibətlər üçün nümunədir. Səfir eyni zamanda təəssüf hissi ilə qeyd edib ki, hərbi təxribatlar və hücumlarla yanaşı hazırda Ermənistan tərəfindən geniş dezinformasiya kampaniyası aparılmaqdadır. Təəccübedici hal odur ki, özlərini peşəkar politoloq və jurnalist hesab edən şəxslər heç bir faktoloji yoxlama aparmadan bu kimi yalan məlumatı xəbər kimi təqdim etməkdədir. Belə bir dezinformasiyanın məqsədi Azərbaycan torpaqlarının işğal edilməsi, mülki əhaliyə hücumları və bölgəyə terrorist qrupların cəlb olunması barədə məlumatlar yaymaqdır.
Svante Kornell Azərbaycanın strateji əhəmiyyətini vurğulamış, Xəzər dənizindən Avropaya uzanan nəqliyyat dəhlizinin buradan keçdiyini və regionda vacib rolunu nəzərə çatdırmışdır. Həmçinin NATO-nun Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz etdiyi bildirilib. Dağlıq Qarabağın qədim tarixə malik olduğunu bildirən S.Kornell Ermənistanın həmişə Dağlıq Qarabağa sahib olmasını istəyini qeyd edib. Bildirib ki, bu münaqişə davam etdikcə Ermənistan özünü regionda təcrid edir. Daha sonra Kornell bu münaqişədə Rusiya və Türkiyənin təsiri barədə fikirlər səsləndirmiş və ATƏT-in Minsk qrupunun fəaliyyətini qərb diplomatiyasının uğrusuzluğu kimi dəyərləndirib. Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş kimi görünsə də kiçik və ya böyük püskürmələr qaçılmaz olduğu və bunun da son danışıqlarla həll olunmayana qədər davam edəcəyi qeyd olunub.