...

Müsavat Partiyasının Məclis üzvü: "Partiyada millətçilərlə liberallar arasında mübarizə gedir"

Siyasət Materials 25 Oktyabr 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Müsavat Partiyasında millətçilərlə liberallar arasında mübarizə gedir və bu mübarizə 1995-ci ildən, partiyanın yeni proqramının yazıldığı dövrdən başlayıb. Bu barədə çümə axşamı Trend ə Müsavat Partiyasının Məclis üzvü, partiyanın Nizamnamə və proqramının əsas müəlliflərindən biri olan politoloq Hikmət Hacızadə bildirib.

"Millətçiliyin heç bir prespektivi yoxdur. Liberalizim mütərəqqi ideologiya olduğu üçün bütün dünyada şəksiz qələbə qazanıb və Müsavatda da qələbə qazanacaq. Müsavat başqanı İsa Qəmbər də daxil olmaqla partiyada liberalizim tərəfdarları daha çoxdur" Hacızadə əlavə edib.

Millətçi təşkilat kimi tanınan Müsavat Partiyası oktyabrın 18-də Avropa Liberal Demokratik İslahat Partiyaları İttifaqına (ALDİPİ) daxil olub. Müsavatın ALDİPİ-yə üzv olması ilə bağlı qərar 2006-cı il dekabrın 23-də partiya Məclisində qəbul edilib. Oktyabrın 18-də Müsavat Partiyası ALDİPİ-nin Berlində keçirilən qurultayında bu quruma üzv qəbul olunub. Partiyanı Milli Məclisdə təmsil edən deputat Nəsib Nəsibli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu qərarın yanlış olduğunu bildiriblər. Nəsibli ALDİPİ-nın mahiyyəti ilə Müsavatçılığın mahiyyəti, hazırkı proqramı, Müsavatın tarixi irsi və məramnaməsi bir araya sığmadığına görə partiya Məclisindən istefa verdiyini açıqlayıb.

Hacızadənin sözlərinə görə, Müsavatda özlərini millətçi kimi təqdim edənlər bunun arxasında nə durduğunu, "millətçilik" deyəndə nəyin nəzərdə tutulduğunu aydın izah edə bilmirlər. O qeyd edib ki, əgər millətçilik türk millətçiliyi, türklərin Azərbaycanda yaşayan digər xalqlarlardan üstün tutulmasıdırsa, Müsavat Partiyası bunun əleyhinədir: "Bəs Azərbaycanda yaşayan talışlar, ləzgilər və digər xalqların nümayəndələri nə etsinlər? Millətçilik siyasəti həyata keçirilərsə, onda ləzgilər, talışlar özlərini Müsavatda ikinci növ adam kimi hiss edərlər. Belə olanda etnik xalqlar Müsavatı rasizim, irqçi təşkilat kimi qəbul edir və partiyadan üz döndərirlər. Onda Müsavata seçkidə heç kimi səs verməz.".

Politoloq hesab edir ki, millətçilik siyasəti həyata keçirmək, Azərbaycanın Konstitusiyasına, beynəlxalq Konvensiyalara və demokratiyaya ziddir. O bildirib ki, Müsavat Partiyasının Nizamnaməsi, Məramnaməsi və proqramı liberal xarakter daşıyır: "Müsavat heç bir zaman millətçi siyasət həyata keçirməyib. Amma partiyanın bəzi üzvləri zaman-zaman etnik millətçilik haqqında danışırdılar. Bu da başqa etnik xalqları qorxudur".

Müsavat Partiyası 20-ci əsrin əvvəllərində millətçi təşkilat kimi yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 4 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti