...

Azərbaycanda taksi ilə sərnişin daşımalarında məhdudiyyətlər tətbiq olunacaq

Siyasət Materials 28 Fevral 2008 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edən qanun layihəsi hazırlanıb. Qanun layihəsinə əsasən, taksi ilə sərnişin daşımaları müəyyən olunmuş qaydada vergi orqanlarında qeydiyyata alınan və müvafiq xüsusi razılığa (lisenziyaya) malik olan daşıyıcılar tərəfindən metroloji yoxlamadan keçən taksometrin göstəriciləri üzrə müvafiq ödəniş əsasında həyata keçirilir. Eyni zamanda, taksi ilə sərnişin daşımalarını həyata keçirən daşıyıcı sifariş gözləyərkən yalnız avtomobil nəqliyyat vasitələri üçün müəyyən olunan dayanacaqlardan istifadə etməlidir.

Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının cümə axşamı keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisdə qəbul olunub.

"Dünyanın bütün ölkələrində şəhər nəqliyyatı və şəhərdə sərnişindaşıma sərt qanunlarla idarə olunur. Azərbaycanda da buna böyük ehtiyac var. Bakıya böyüktutumlu avtobusların gətirilməsi ilə əlaqədr olaraq son günlər bu sahədə ciddi gərginlik yaranıb. Ona görə də "Avtomobil nəqliyyatı haqqında" qanunun qəbul olunması vacibdir" - deyə adıçəkilən komissiyanın sədri Ziyad Səmədzadə əlavə edib.

Qanun layihəsi avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində dövlət orqanları, daşıyıcılar və istehlakçılar arasında yaranan münasibətləri tənzimləyəcək.

Layihə bu sahədə fəaliyyətin həyata keçirilməsi üçün vahid normaların və qaydaların yaradılmasını, sahibkarlağın inkişaf etdirilməsi və dövlət tərəfindən dəstəklənməsini, azad və rəqabət mühitinin qorunması və inkişaf etdirilməsini nəzərdə tutur. Eyni zamanda, təhlükəsizliyin təmin olunması, sərnişinlərin və daşıyıcıların mənafelərini təmin edən məqsədyönlü tarif siyəsətinin həyata keçirilməsi məsələləri əks olunub.

Sonra komissiya qanun layihəsini təsdiqləyib və ikinci oxunuşda Milli Məclisdə müzakirə olunması tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti