...

İlham Əliyev Beynəlxalq "Şərq-Qərb" Bakı Kinofestivalının iştirakçılarına müraciət göndərib

Siyasət Materials 1 İyun 2008 22:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 10-cu ənənəvi beynəlxalq "Şərq-Qərb" Bakı Kinofestivalının iştirakçılarına müraciət göndərib. "Sizi ürəkdən salamlayıram, hər birinizə cansağlığı, xoşbəxtlik və festivalınızın işində müvəffəqiyyətlər arzu edirəm. Bir əsrdən artıq özünəməxsus parlaq yol keçmiş və nəzərəçarpacaq nailiyyətlər qazanmış Azərbaycan kino sənətinin inkişafı tarixində sizin kinofestivalın xüsusi yeri vardır. Bu gün artıq on illik yubileyi qeyd edilən Beynəlxalq "Şərq-Qərb" Bakı Kinofestivalı Azərbaycan kinematoqrafının sadiq qaldığı ümumbəşəri dəyərlərin təbliği naminə müxtəlif ölkələrin kino işçilərinə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradır.

Dünyanın bir çox ölkəsindən gəlmiş kino xadimlərinin təmsil olunduğu kinoforum ölkəmizin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Bu dostluq və sənət bayramı incəsənətimizin zəngin ənənələrinin qorunub saxlanması ilə yanaşı, mədəniyyətlər arasında dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

İnanıram ki, nüfuzu ildən-ilə artmaqda olan kinofestivalınız müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsi işinə xidmət edəcək, dünya kinematoqrafiyasının aparıcı meyilləri istiqamətində əməkdaşlığı, təcrübə mübadiləsini genişləndirəcək və milli kinomuzun bundan sonrakı inkişafına müsbət təsir göstərəcəkdir", - deyə məktubda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti