Azərbaycan, Bakı, 06 iyun/ Trend , müxbir E.Babayev/ Azərbaycan parlamentinin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası Seçki Məcəlləsinə son əlavə və dəyişikliklərdən sonra müxalifətin əsas etiraz etdiyi məsələlərə mövqeyini bildirib. "Dəyişikliklər zamanı Azərbaycanda gedən demokratik inkişaf, ötən seçkilərin təcrübəsi, digər tərəfdən, seçki hüququ sahəsində beynəlxalq standartlar və ayrı-ayrı ölkələrin müsbət praktikası nəzərə alınıb",- deyə cümə günü komissiyaının sədri Əli Hüseynov jurnalistlərə bildirib.
Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Parlament bazar ertəsi Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Yeni layihəyə görə, prezidentliyə namizədlərin depozit qoyma şərti götürülür. Namizədlər yalnız imza toplayacaqlar. Namizədliyin qeydə alınması üçün tələb olunan 45 min imzanın isə 40 minə endirilməsi nəzərdə tutulur. Seçki təbliğatı 120 gündən 75 günə endirilir. Məcəllədə dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtı ayrılması qadağan edilib. Əksər müxalifət partiyaları dəyişikliklərdən narazı qalıb və bəyan ediblər ki, dəyişikliklər müxalifətin imkanlarını məhdudlaşdırır.
Hüseynov deyib ki, təsisçiləri dövlət orqanları olan KİV- də seçkiqabağı təşviqatın ləğvi tam məntiqlidir. "Çünki dövlət bu prosesdə bitərəf qalmalıdır. Lakin bu qadağa ictimai tele-radio təşkilatlarına aid edilmir. Məcəlləyə 81.11- ci maddə əlavə edilir ki, televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədilə, efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır. Bu müddəa bərabərliyin gözlənilməsi üçün vacibdir. 87.7- ci maddəyə edilən dəyişikliyə görə, seçkiqabağı təşviqat materiallarının, otaqlardan başqa, binalarda, digər obyektlərdə yerləşdirilməsi qadağandır. İri şəhərlərdə, xüsusən Bakı şəhərində seçkilərdən sonra binalara yapışdırılmış seçkiqabağı təşviqat materiallarının qopardılması üçün ayrılmalı olan xərclərin qarşısını almaq məqsədini güdür" - deyən Hüseynovun sözlərinə görə, həm prezident, həm də parlament seçkiləri zamanı namizədlərin seçki fondunun məbləğinin yuxarı həddi bir neçə dəfə artırılıb; Prezidentliyə namizədə yuxarı hədd 10.000.000 manat, parlamentəə namizəd 500.000 manat. " Hesab edirəm ki, bu məbləğlər seçki kampaniyasının həm səviyyəli, həm də şəffaf keçirilməsindən ötrü mühümdür. Xüsusi olaraq vurğulamalıyam ki, bu məbləğlər yuxarı həddir və istənilən aşağı hədd seçki fondunu təşkil edə bilər" - deyə komissiya sədri əlavə edib. Seçki kampaniyasının müddətinin azaldılaraq, 120 gündən 75 günə endirilməsinə gəldikdə isə, o bildirib ki, bu həm beynəlxalq təcrübəyə, həm də artıq formalaşmış seçki praktikasına söykənir. "Məsələn, bu müddət Macarıstanda seçkilər proseduru haqqında Qanuna görə, 72 gün, Gürcüstanda 60 gün, Rumıniyada prezident seçkiləri haqqında qanuna əsasən, 45 gün, Serbiya və Qazaxıstanda 90 gün, Rusiyada3 aydır. Yəni bizim irəli sürdüyümüz təklif optimal variantdır. Müxalifətin ittihamlarına gəlincə, hesab edirəm ki, müddətin azaldılması elə onlara çox sərfəlidir. Çünki müxalifətin "bir atımlıq barıtı" var. Cəmiyyətdə heç bir nüfuzu olmayan bu düşərgənin xalqa deməyə sözü, heç bir proqramları yoxdur. Əslində, hakimiyyətin təbliğat üçün geniş imkanları var və bu məsələ hakimiyyət üçün problem deyil"- deyə Hüseynov qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]