Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir V.Javoronkova /
Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri 11-13 sentyabrda Aktauda Xəzər dənizinin hüquqi statusunu müzakirə edəcəklər. Bu barədə cümə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib.
"Sammit qeyri-formaldır və gündəliyi prezidentlər özləri müəyyənləşdirəcəklər. Energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi də gözlənilir", - Primbetov deyib.
Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbləri yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli müqavilələr var. Tərəflər həmçinin bölücü xətlərin koordinatlarının müəyyənləşməsi üzrə də vahid fikrə gəliblər. Məsələ yalnız Türkmənistan və İran tərəfi ilə razılaşdırılmayıb. Bu səbəbdən də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu indiyədək müəyyənləşdirilməyib.
Xəzər dövlətlərindən ilk olaraq Azərbaycan dünyada ən böyük gölün sərhədlərinin bölünməsinə və öz müstəqilliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə Xəzər dənizində öz sektorunun mövcudluğunu elan edib və 1994-cü il 20 sentyabrda qərb şirkətləri ilə PSA (production sharing agreement) - məhsul bölgüsü barədə müqavilə modeli üzrə beynəlxalq müqavilə ("Əsrin müqaviləsi") imzalamaqla bunu təsbit edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]