Oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən sonra tədbirin iştirakçıları "Duzdağ" Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev qonaqlara məlumat verdi ki, Naxçıvanın rəmzlərindən biri də təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır. Bu dağ ölkəmizdə təkcə saf və təmiz duzu ilə deyil, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Hələ Nuh-Nəbi dövründən buradan duz çıxarılır. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə Duz yolu uzanırdı. Həmin ölkələrə buradan duz daşınırdı. Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında, dağında, daşında tarixin sirli, sehirli izləri gizlənmişdir. Hələ Sovet İttifaqı dövründə burada fizioterapiya xəstəxanası fəaliyyət göstərirdi. Sonralar müalicəyə gələnlərin sayı artdıqca bura genişləndirildi. 2006-cı ilin dekabrında müasir standartlar səviyyəsində "Duzdağ" Fizioterapiya Mərkəzinin tikintisinə başlanıldı. Mərkəz yeraltı və yerüstü şöbələrdən ibarətdir. Hazırda bu mərkəzə bir çox ölkələrdən xəstələr gəlir.
Dövlətimizin başçısı ölkəmizin bütün bölgələrində belə mərkəzlərin inşa edildiyini söyləyərək qeyd etdi ki, burada da müalicə və istirahət üçün müasir səviyyədə şərait yaradılmışdır. Təbii müalicə ilə yanaşı, dərman və fizioterapiya müalicəsi, müalicəvi bədən tərbiyəsi də tətbiq edilir. Mərkəzin 324 yerlik beşulduzlu mehmanxanası da vardır.
Qonaqlar "Duzdağ" Fizioterapiya Mərkəzi ilə böyük maraqla tanış oldular.
Oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin adından Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil edilmişdir.
Rəsmi qəbulda Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev iştirak etmişlər.
Türkdilli ölkələrin dövlət başçıları Naxçıvandakı "Duzdağ" Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar
Oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündən sonra tədbirin iştirakçıları “Duzdağ” Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
