...

Azərbaycanın və Türkiyənin müxalif siyasi partiyaları arasında görüşə ehtiyac var – partiya sədri

Siyasət Materials 19 Oktyabr 2009 16:54 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının rəhbəri Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı Türkiyənin siyasi partiyaları ilə görüşün çox vacib olduğunu düşünür.
Azərbaycanın və Türkiyənin müxalif siyasi partiyaları arasında görüşə ehtiyac var – partiya sədri

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbəri Türkiyə ilə Ermənistan arasında imzalanan protokollarla bağlı Türkiyənin siyasi partiyaları ilə görüşün çox vacib olduğunu düşünür.

"Amma belə bir ənənə olmadığından indi belə görüşün baş tutması çox çətindir", - bazar ertəsi Trend -a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: Oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb.

Cəlaloğlunun sözlərinə görə, Azərbaycanın siyasi partiyaları buna cəhd etsələr də, görüşün baş tutacağı inandırıcı deyil. "Türkiyə ilə Azərbaycan partiyaları arasında indiyədək geniş ikitərəfli əlaqələr də qurulmayıb. Digər tərəfdən, bizim istəyimizdən asılı olmayaraq qarşı tərəfin də buna maraq göstərməsi vacibdir", - partiya sədri əlavə edib.

Onun fikrincə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və bunun Dağlıq Qarabağ problemi həll olunmadan gündəmə gətirilməsi regionda bir çox gözlənilməz proseslərlə nəticələnə bilər. "Bu məsələdə Azərbaycan müxalifətinin narahatlığı hakimiyyətin narahatlığından az deyil. Buna görə, Azərbaycanın müxalifət qüvvələrinin də Türkiyənin siyasi partiyaları ilə məsləhətləşmələri ümumi işin xeyrinə olardı", - Cəlaloğlu vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti