...

Azərbaycan Parlamentində sülhməramlı əməliyyatlarda iştirak haqqında qanun qəbul olunub

Siyasət Materials 11 May 2010 13:26 (UTC +04:00)
Azərbaycan Parlamentində "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Azərbaycan Parlamentində sülhməramlı əməliyyatlarda iştirak haqqında  qanun qəbul olunub

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

"Bu qanun lokal və regional münaqişələrin qarşısının alınması, nizamlanması və həll edilməsi ilə bağlı aparılan sülhməramlı əməliyyatlarda Azərbaycanın iştirakının əsaslarını, formalarını və qaydasını müəyyən edir", - Trend-in məlumatına görə, çərşəndə axşamı Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Səyavuş Novruzov bildirib.

Novruzovun sözlərinə görə, lokal və regional münaqişələrin tənzimlənməsi üzrə ərazisində sülhməramlı əməliyyatlar aparıldıqda, Azərbaycanın belə əməliyyatların iştirakçısı olub-olmamasından asılı olmayaraq, habelə Azərbaycan onun ərazisindən kənarda aparılan sülhməramlı əməliyyatlarda iştirak etdikdə bu qanunun müddəaları tətbiq edilir.

"Azərbaycan özünün silahlı qüvvələrini, hərbi və mülki heyətini göndərmədən də ərzaq, dərman vasitələri, rabitə və nəqliyyat vasitələri, habelə digər humanitar yardım və maddi-texniki resursları göndərməklə sülhməramlı əməliyyatlarda iştirak edə bilər", - komitə üzvü əlavə edib.

Trend arayışı: Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda 45 sülhməramlısı xidmət edir, həmin əsgərlər Kabil şəhərində post-patrul xidməti həyata keçirirlər. Parlament ötən ilin oktyabrında Əfqanıstandakı sülhməramlıların sayının iki dəfə artırılması və 90 nəfərə çatdırılması barədə qanun qəbul edib. Azərbaycan Parlamenti ötən il martın 4-də Kosovanın birtərəfli şəkildə Serbiyadan ayrılaraq müstəqilliyini elan etməsindən sonra yaranmış siyasi vəziyyətlə əlaqədar olaraq, vilayətdə xidmət edən 34 azərbaycanlı sülhməramlının geri çağırılması haqqında qərar qəbul edib. Azərbaycan Silahlı Qüvvələrinin İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150 hərbçisinin isə xidmət müddəti başa çatıb.

Xəbər lenti

Xəbər lenti