...

Qazaxıstan məktəblərində hicab geyiminin qadağan olunması əhalinin dini təbəqəsinin narazılığına səbəb ola bilər - ekspertlər

Siyasət Materials 3 Sentyabr 2010 09:00 (UTC +04:00)
Qazaxıstan məktəblərində müsəlman qadın və qızların dini geyimi olan hicabın qadağan edilməsi respublika əhalisinin dini təbəqəsinin narazılığına səbəb ola bilər.
Qazaxıstan məktəblərində hicab geyiminin qadağan olunması əhalinin dini təbəqəsinin narazılığına səbəb ola bilər - ekspertlər

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir V.Javoronkova/

Qazaxıstan məktəblərində müsəlman qadın və qızların dini geyimi olan hicabın qadağan edilməsi respublika əhalisinin dini təbəqəsinin narazılığına səbəb ola bilər. Ekspertlər belə hesab edirlər.

"Məktəblərdə hicabın geyinilməsinə qoyulan qadağa tez və ya gec ölkə daxilində ciddi dini problemlərə gətirib çıxara bilər, lakin bu indi baş verməyəcək, belə ki, məsələn, Türkiyədən fərqli olaraq, din Qazaxıstan əhalisinin həyatına nisbətən gec daxil olub", - Trend-ə Ankaradan telefonla müsəlmanların hüquqlarının müdafiəsi məsələləri üzrə türkiyəli ekspert Elif Koşaroğlu deyib.

Qazaxıstanın təhsil naziri Janseit Tumebayev yeni dərs ilinin başlanğıcı ərəfəsində bəyan edib ki, nazirlik respublika məktəblərində hicab geyinilməsinin əleyhinədir. "Biz Qazaxıstan məktəblərində hicab geyinilməsinin qəti əleyhinəyik və bunun üçün bir sıra səbəblər var", - Tumebayev deyib.

Səbəblər arasında o, bir faktı qeyd edib ki, üzü praktiki olaraq tamamilə örtən paltar qazax xalqının adət-ənənəsinə uyğun deyil, həmçinin, buna razılıq verildiyi təqdirdə presedent yaranacaq.

"Bu gün Qazaxıstanda 140-dan çox etnik millət yaşayır. Hicab geyiminə icazə versək, o zaman sabah belə bir vəziyyət yarana bilər ki, müxtəlif millətlərin nümayəndələri məktəbdə öz milli geyimlərini geyinməyi tələb etsinlər", - nazir deyib.

Son 10 il ərzində analoji qərarlar Belçika, Niderland və Fransa kimi Avropa ölkələrində qəbul olunub. Lakin onlardan fərqli olaraq, Qazaxıstanın yerlı əhalisi əksər Avropa ölkələrindəki kimi xristian deyil, müsəlmandır.

Qazaxıstanda bu məsələ əvvəllər də qaldırılıb. Təhsil naziri məktəblərdə hicabın geyinilməsinə qoyulan qadağadan danışaraq dini təşkilatlar və təhsil müəssisələri ilə bağlı "Təhsil haqqında" qanunun 3-cü maddəsindən sitat gətirib. Bu qanunun 43-cü maddəsində göstərilir ki, təhsil müəssisəsinin səlahiyyətlərinə məktəbli geyimi məsələsi də daxildir.

Lakin bundan əvvəl Qazaxıstanın ədliyyə naziri Rəşid Tusupbekov həmin sualı cavablandırarkən özünün internet-bloqunda yazmışdı ki, Qazaxıstan qanunvericiliyi məktəblərdə hicab geyinilməsini qadağan etmir. Tusupbekov bu məsələdə "din və dini birliklərin azadlığı haqqında" konstitusiya və qanunun müddəalarına istinad edib.

Ekspertlərin fikrincə, bu cür qadağa mənfi nəticələr verəcək ki, bu da Qazaxıstan əhalisinin dini təbəqəsinin mümkün narazılığına səbəb olacaq.

"Mazlumder" təşkilatının türkiyəli hüquq müdafiəçisi Koşaroğlunun sözlərinə görə, dövlət dini islam olan Türkiyədə bu cür qadağa ölkə cəmiyyətini parçalayıb və belə bir hal Qazaxıstanda da istisna deyil.

İranın Rusiya və Mərkəzi Asiya üzrə eksperti Bəhram Əmirəhmədiyan da məktəblərdə hicabın geyilməsinin qadağan edilməsinin cəmiyyətdə ciddi fikir ayrılığına səbəb ola biləcəyini düşünür.

"Bu məsələyə belə münasibətin göstərilməsi Qazaxıstanda yaşayan insan qrupları arasında nifaqa gətirib çıxara bilər", - Trend-ə Tehrandan telefonla Əmirəhmədiyan deyib.

Lakin qazaxıstanlı ekspert Dosım Satpayev hesab edir ki, Qazaxıstan əhalisinin müəyyən qismi qadağa qərarına passiv etiraz edəcək, bu, fəal hərəkətlərə və ya mitinqlərə səbəb olmayacaq.

"Qazaxlar dini baxımdan özlərini müsəlman hesab edirlər. Əhalinin 70 faizi özlərini islama aid edirlər, islam bizim üçün yad din deyil, - Trend-ə Risklərin qiymətləndirilməsi qrupunun direktoru, Trend-in Ekspert Şurasının üzvü Satpayev deyib. - Lakin digər tərəfdən, qazaxlar Mərkəzi Asiya xalqlarına nisbətən daha radikaldırlar".

Ekspertlərin fikrincə, məktəblərdə hicabın geyilməsinin qadağan edilməsi ilə bağlı qərarı müsəlman qadınlarının hüquqlarının pozulması hesab etmək olar. Və Qazaxıstanın dünyəvi dövlət olması rəsmi səbəbi inandırıcı deyil.

"Hansı dinə etiqad etməsindən asılı olmayaraq, nə islam, hə də dünyəvi dövlət insan hüquqlarını tapdalamamalıdır. Hər bir insan hansı geyimi geymək məsələsində seçim hüququna malikdir", - Koşaroğlu qeyd edib.

Onun sözlərinə görə, həqiqi dünyəvi rejim dini mənsubiyyətdən asılı olmayaraq vətəndaşların bərabərhüquqlu olmasını nəzərdə tutur.

İranlı ekspert Əmirəhmədiyanın fikrincə, təhsil müəssisələrində hicabın geyilməsini deyil, təbliğat faktlarının qarşısını almaq lazımdır.

"Nazirin ifadə etdiyi Təhsil Nazirliyinin mövqeyi bizim dünyəvi dövlət olmağımızla əlaqədar Konstitusiyanın müəyyən normaları ilə ziddiyyət təşkil etmir, lakin eyni zamanda Qazaxıstanın qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinə ziddir", - Risklərin qiymətləndirilməsi qrupunun direktoru Satpayev deyib.

"Bu məsələni həll etmək üçün Qazaxıstanda məhkəmə presedenti yaradılmalıdır, çünki, belə deyək, ali məktəbdə və ya orta məktəbdə hicab geymək üçün hüququnun olmasını hesab edən qız-tələbə öz hüquqlarını müdafiə etmək üçün birinci instansiyalı məhkəməyə müraciət edə bilsin, - o qeyd edib. - O, məhkəmənin qərarı ilə razılaşmasa, daha yüksək instansiyalı məhkəməyə müraciət edə bilər".

"Bütün bu hüquqi zənciri keçdikdə, məsələ Konstitusiya Şurasında baxıla bilər. Məhz o, indi çoxlarını narahat edən aktual suala cavab verməlidir", - ekspert hesab edir.

Onun fikrincə, bu halda Qazaxıstanda ümumi dövlət trendinin necə olduğu aydın görünəcək.

Materialın hazırlanmasında R.Hafizoğlu, T.Cəfərov iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti