Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir S.Ağayeva/
Azərbaycan regionda Latviyanın ən etibarlı tərəfdaşıdır. Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis belə düşünür.
"Latviyanın Azərbaycanla münasibətləri üçün yüksək sabitlik, inkişaf etmiş siyasi dialoq, qanunvericilik və icra hakimiyyəti səviyyəsində çox yaxşı əlaqələr və əməkdaşlıq xarakterikdir. İndi isə özünüidarəetmə və yerli hakimiyyət orqanları səviyyəsində də əlaqə və əməkdaşlığın yaradılması üzrə iş aparılır", - çərşənbə günü Trend-ə Latviyanın Azərbaycndakı səfiri Baumanis deyib.
"Gələn ilin əvvəlində Prezident Valdis Zatlersin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın Latviyaya səfəri gözlənilir", - diplomat qeyd edib.
"Əminəm ki, 2005-ci ildən bəri prezidentlərimizin artıq dördüncü görüşü olacaq bu səfər münasibətlərimizin bir çox yeni istiqamətlərinin gələcək inkişafına yeni və güclü impuls verəcək", - o, vurğulayıb.
Humanitar münasibətlər
"Humanitar münasibətlərə gəldikdə, Latviya və Azərbaycan arasında bu istiqamətdə əməkdaşlıq əsasən, təhsil sahəsində inkişaf edir", - Baumanis deyib.
"Latviyada ali iqtisadi təhsil haqqında həm Avropa, həm də ABŞ diplomları verən bir neçə yaxşı biznes məktəbi fəaliyyət göstərir. Azərbaycandan Latviyaya böyük tələbə axını barədə danışmaq hələ ki olmaz, lakin ildə bir neçə onluq, mənə elə gəlir artıq heç də pis nəticə deyil", - diplomat əlavə edib.
Şərq tərəfdaşlığı
"Latviya Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığına köməkdə fəal iştirak edə bilər", - səfir hesab edir.
"Çünki böyük ölkənin tərkibində olan ümumi keçmişimizə görə, biz ümumi Avropaya dərhal üzv olmağa tam hazır olmamışıq. Bizə indiki Avropanın rəhbər tutduğu və yaşadığı normativləri, standart və qanunları tətbiq etmək üçün 15 ilə yaxın vaxt lazım oldu. Biz Aİ-yə 2004-cü ildə üzv olmuşuq. Və bu təkcə onların standartlarının həyatımıza texniki köçürülməsi deyil, həm də bizim Avropada ümumi dəyərlər adlandırdığımızdan da artıq olub, yəni biz müəyyən mənada avropalı kimi fikirləşməyi və hərəkət etməyi öyrənməliydik", - diplomat vurğulayıb.
"Avropa ilə həm texniki-hüquqi, həm də həyati baxımdan belə yaxınlaşma məktəbini keçdikdə, Latviya Azərbaycanla onun Aİ ilə münasibətlərinin istənilən sahəsində bölüşməyə hazır olduğu misilsiz təcrübə əldə edib", - Baumanis qeyd edib.
"Şərq tərəfdaşlığı" Polşa və İsveçin təşəbbüsü ilə qonşuluq siyasəti çərçivəsində Aİ-nin altı post sovet respublikası - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilib. Layihə çərçivəsində Aİ tərəfindən göstərilən ölkələrə 2013-cü ilədək dövlət institutlarının möhkəmlənməsi, sərhədlərə nəzarət və kiçik şirkətlərə köməyin göstərilməsi üçün müəyyən edilən 600 milyon avronun ayrılması nəzərdə tutulub. "Şərq tərəfdaşlığı"nın təsis sammiti 2008-ci il mayın 7-də Praqada baş tutub.
Iqtisadi tərəfdaşlıq
Azərbaycan və Latviya iki ölkə arasında ticarət, mal mübadiləsinin hər iki istiqamətdə inkişaf etməsi üzərində çalışmalıdır, Baumanis buna əmindir.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-cu ilin yanvar-sentyabr aylarında iki ölkə arasında mal mübadiləsinin həcmi 6,6 milyon dollar təşkil edib.
Səfirin sözlərinə görə, Latviya Azərbaycana yüksəkkeyfiyyətli qida məhsulları - süd, kəsmik, xama, şirniyyat, balıq məhsulları təqdim edir və mürəbbə tədarükünə başlayıb.
Uzun müddətdir ki, Azərbaycan bazarına Latviyanın əczaçılıq məhsulları gətirilir.
Latviyanın maliyyə strukturları - banklar, auditor şirkətləri, əmlak qiymətləndirilməsi şirkətləri öz xidmətlərini təklif edirlər.
"Latviya və daha sonra Avropa bazarlarında harada Azərbaycan üçün potensial görürəm (şirkətimiz harada sizə kömək edə bilər)? Bu, ekzotik meyvələrin ixracı (sitrus, nar, feyxoa və.s) və onların emal məhsullarıdır. Məsələn, feyxoa kompotu və ya tərxun, Avropa istehlakçısı üçün qeyri-adi və yaxşı tanış olmayan, lakin maraqlı, gözlənilməz dad xüsusiyyətlərinə malik digər bitkilərin şirəsi", - diplomat deyib.
Səfirin fikrincə, bunun üçün Azərbaycanda bu meyvələr, otlar, bitkilərin ilkin emalı və hasilatı üzrə yüksəktexnologiyalı sahəni inkişaf etdirmək lazımdır. Bu sahədə latviyalı sahibkarlar öz həmkarlarına kömək etməyə hazırdırlar.
İqtisadi əməkdaşlıq
"Latviya Cənub enerji dəhlizindən birbaşa xeyir götürə bilməsə də, Aİ-nin üzvü kimi qazın Aİ üzrə cənub tərəfdaşlara şaxələndirilməsi məqsədi ilə bu dəhlizin inkişafı üzrə ən fəal tərəfdaşlardan biri hesab olunur", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Latviya ümid edir ki, ölkənin qaz şəbəkəsi Norveç və Danimarka qazının nəql olunacağı Mərkəzi Avropa ilə birləşdiriləcək.
"Enerji ehtiyatlarının tranziti sahəsində Azərbaycanın inkişaf strategiyası bu ölkənin regionda ən etibarlı tərəfdaş olduğunu göstərir", - o, vurğulayıb.