...

Əli Həsənov: Azərbaycan və Rusiyanın əməkdaşlığı yeni perspektivlər əldə edir

Siyasət Materials 19 May 2011 16:53 (UTC +04:00)
Bu gün Həştərxanda açılan II Rusiya-Azərbaycan regionlararası forumunun əsas vəzifəsi ölkələr arasında regionlararası əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqdır.
Əli Həsənov: Azərbaycan və Rusiyanın əməkdaşlığı yeni perspektivlər əldə edir

Rusiya, Həştərxan, 19 may /Trend, xüsusi müxbir V.Tükayev/

Bu gün Həştərxanda açılan II Rusiya-Azərbaycan regionlararası forumunun əsas vəzifəsi ölkələr arasında regionlararası əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqdır. Bunu çıxışında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

Onun sözlərinə görə, Azərbaycanın ümummilli lideri Heydər Əliyev həmişə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verərək, onların möhkəm və konstruktiv təməlini qoymağa nail olub. "Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin səyləri sayəsində bu əməkdaşlıq hazırda yeni perspektivlər əldə edir. Bizim əlaqələrimiz hərtərəfli və çoxplanlıdır və praktiki olaraq bütün sahələri əhatə edir", - Həsənov qeyd edib.

Həsənovun sözlərinə görə, bu gün tərəflər əksər məsələlər, o cümlədən Qəbələ RLS-in istismarı, eləcə də Xəzər dənizinin hüququ statusu ilə bağlı konsensusa nail olublar. Ötən ilin sentyabrında Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı bir sıra əhəmiyyətli sazişlər imzalanıb. Onların sırasında quru ilə sərhəd keçid xəttini əks etdirən dövlət sərhədi haqqında müqavilə də var. "Rusiya Azərbaycanın belə müqavilə bağladığı ilk ölkə olub", - Həsənov qeyd edib.

O, öz çıxışında forum iştirakçılarının diqqətini hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin yüksəlişdə olmasına yönəldib. Buna isə Prezident Medvedevin son illər ərzində Azərbaycana üç dəfə səfər etməsi, İlham Əliyevin isə öz növbəsində Rusiyanın müxtəlif regionlarına dəfələrlə səfər etməsi sübutdur.

Həsənov onu da əlavə edib ki, Azərbaycan və Rusiya BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. "Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmaqla, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi rolunda çıxış edir və bu münaqişənin həllinə öz töhfəsini verir", - o bildirib.

Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdirinin sözlərinə görə, iki ölkəni iqtisadi sahədəki sıx əməkdaşlıq da birləşdirir. "2009-cu ildə dünya maliyyə böhranının təsiri altında ölkələrimiz arasında mal dövriyyəsi bir qədər azalıb, lakin ötən il artıq onun artımı nəzərə çarpıb. Cari ilin yanvar-mart aylarında isə qarşılıqlı ticarətin həcmi 616 milyon dollar təşkil edib. Bu, ötən ilin analoji dövrünün səviyyəsini 78 faiz üstələyir. Respublikaya gətirilən malların 17 faizindən çoxu bizim üçün həm də Azərbaycanda yetişdirilən kənd təsərrüfatı məhsullarının satılması bazarı kimi maraq doğuran Rusiyanın payına düşür", - o qeyd edib.

Həsənovun fikrincə, ölkələrin əməkdaşlığında əhəmiyyətli rolu iki ölkə" arasında mədəniyyət, tibb, təhsil, idman, gənclər siyasəti, birgə informasiya mərkəzlərinin yaradılması və bu sahədə bir sıra digər layihələrin həyata keçirilməsi haqqında imzalanan sazişlər sayəsində humanitar əlaqələr oynayır.

Azərbaycan rus dilinin xüsusi statusunu saxlayır, çünki respublika ərazisində 160 min rusdilli əhali yaşayır", - Həsənov vurğulayıb.

"Keçmiş Sovet İttifaqı respublikalarında rus dili öz mövqeyini itirdiyi halda, Azərbaycanın 21 məktəbində təhsil rus dilində aparılır, daha 335 məktəbdə isə dərslər Azərbaycan və rus dillərində aparılır", - şöbə müdiri əlavə edib.

Onun sözlərinə görə, respublikada rus dilində 50-yə yaxın qəzet və jurnal nəşr olunur, Rusiyanın dövri nəşrləri respublikanın ərazisində sərbəst şəkildə yayımlanır. "Bakıda Lomonosov adına MDU-nun filialı fəaliyyət göstərir, Rus Dram Teatrı işləyir, Rusiyanın aparıcı informasiya agentliklərinin filialları açılıb. Bu tendensiya xalqlarımızın sıx şəkildə yaxınlaşmasını sübüt edir. Azərbaycanda 160 min rus yaşayır. Bu, ən böyük milli diaspordur", - Həsənov vurğulayıb.

O, onu da qeyd edib ki, hazırda Rusiya Federasiyasının subyektlərindən 70-ə yaxını Azərbaycan ilə regionlararası əməkdaşlıq edirlər, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalanıb. Onların sırasında Azərbaycan ilə gəmiqayırma, nəqliyyat sahəsində dinamik əməkdaşlıq edən, respublikaya balıq məhsullarını tədarük edən Həştərxan vilayəti də var.

Cümə axşamı Həştərxanda Azərbaycan və Rusiya prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Araşdırmalar İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil edilən "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda II Rusiya-Azərbaycan regionlararası forumu açılıb.

Forumun işində iki ölkə hakimiyyətinin mərkəzi və regional orqanlarının, biznes dairələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.

Azərbaycanı forumda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Nümayəndə heyətinə Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri, hökumət üzvləri, Azərbaycan deputatları, respublikanın bir sıra rayonlarının icra başçıları və sahibkarlar da daxildir.

Forumun açılışında iştirakçılara prezidentlər İlham Əliyev və Dmitri Mevdedevin təbrikləri oxunub.

Xəbər lenti

Xəbər lenti