...

Azerbaycanda 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Siyasət Materials 17 Oktyabr 2011 20:00 (UTC +04:00)
Daxili İşlər Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü qeyd edilib.
Azerbaycanda 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü qeyd edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən bazar ertəsi trend-ə verilən məlumata görə, çevik Polis Alayında əlamətdar yubileyə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov müstəqil dövlətimizin təşəkkülündə, ərazi bütövlüyünün və suverenliyininin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində danılmaz xidmətləri olan daxili işlər orqanlarının formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, keçdiyi çətin, lakin şərəfli yol, cinayətkarlıqla qətiyyətli mübarizə, şəxsi heyətin iş şəraitinin və maddi rifah halının daha da yaxşılaşdırılması yönündə həyata keçirilən tədbirlər barədə çıxış edib.

Qeyd olunub ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsinə, xalqımızın çətin və mürəkkəb tarixi proseslərdən keçərək yeni müstəqil dövləti bərpa etməsinə baxmayaraq, həmin vaxt ölkəmizin düşdüyü çıxılmaz vəziyyət, iqtisadiyyatın talanı, torpaqlarımızın beşdə-birinin itirilməsi ilə nəticələnmiş hakimiyyət çəkişmələri Azərbaycanı vətəndaş müharibəsi və dünya xəritəsindən silinmə təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir taleyüklü məqamda xalqın təkidli tələbilə ali hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz iradəsi və yorulmaz fəaliyyəti nəticəsində dövlətçiliyin real itirilmə təhlükəsinin, vətəndaş müharibəsinin, separatçılıq təzahürlərinin qarşısı alındı.

Ulu öndərin 1994-cü il avqustun 9-da imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının, bu sahədəki uğurların əsasını qoydu.

DİN rəhbəri bildirib ki, o dövrün cinayətkarlığının statistikası baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. 1992-ci illə müqayisədə 2004-cü ildə ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə yüksəlib. Ümumi cinayətlərin sayı 32,3 faiz, o cümlədən qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, habelə bağlı qalmış cinayətlər 10,6 dəfə azalıb.

Ramil Usubov diqqətə çatdırıb ki, ümummilli liderimizin siyasi kursunu layiqincə davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə cəmiyyət həyatının bütün sahələrində böyük uğurlar əldə edilib. Ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və son 17 ildə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin məntiqi nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Qeyd olunub ki, əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2.7 fakt, quldurluqlar 1.9 fakt, hədə-qorxu ilə tələb etmələr 0.3 fakt, banditizm 0.01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.

General-polkovnik Ramil Usubov çıxışının sonunda əmin olduğunu bildirib ki, daxili işlər orqanları və Daxili Qoşunların şəxsi heyəti bundan sonra xalqına və dövlətinə sədaqətlə xidmət edəcək, müstəqilliyimizin əbədi, saprsılmaz və dönməz olması üçün səylərini əsirgəməyəcək.

Təntənəli mərasimin sonunda nazir Ramil Usubov Azərbaycan polisinin peşə bayramı ərəfəsində ölkə Prezidentinin müvafiq sərəncamı ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət təltiflərini, DİN-in "Fəxri fərman"larını və digər mükafatları təqdim edib.

Xəbər lenti

Xəbər lenti