...

Fikrət Əmirovun 90 illik yubileyi keçiriləcək

Siyasət Materials 6 Fevral 2012 18:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Fikrət Əmirovun 90 illik yubileyi keçiriləcək

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2012-ci ilin noyabr ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 90 illiyi tamam olur.

Azərbaycanın musiqi sənəti tarixinə parlaq səhifələr yazmış Fikrət Əmirovun musiqinin ən müxtəlif janrlarını əhatə edən çoxsaylı əsərləri, o cümlədən opera, balet, simfoniya, mahnı və romansları xalqımızın mədəni sərvətlər xəzinəsinin qızıl fondunda xüsusi yer tutur. Böyük bəstəkar milli musiqimizin zəngin ənənələri ilə dünya musiqi mədəniyyətinin mühüm nailiyyətlərinin qovuşuğunda misilsiz sənət inciləri meydana gətirib. Bəstəkarın dünyanın ən iri konsert salonlarında mötəbər orkestrlərin ifasında səsləndirilən simfonik muğamlarının Azərbaycan mədəniyyətinin tanıdılmasında müstəsna rolu var.

Xəbər lenti

Xəbər lenti