...

Prezident İlham Əliyev: Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli vətəndaşıdır (FOTO)

Siyasət Materials 16 Fevral 2012 23:15 (UTC +04:00)
Prezident İlham Əliyev: Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli vətəndaşıdır.
Prezident İlham Əliyev: Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli vətəndaşıdır (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunmuşdur. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir.

Qeyd olundu ki, ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Respublikamızda səhiyyə xidmətinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir.

Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.

Xəstəxana binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin tibb sahəsinin inkişafına göstərdikləri qayğını əks etdirən fotostendlər yaradılmışdır. Xəstəxanada şüa-diaqnostika, qəbul, təcili tibbi yardım, poliklinika, doğum, ginekologiya, pediatriya, terapiya, cərrahi-stasionar, anesteziologiya, reanimasiya şöbələri, qadın məsləhətxanası, əməliyyat bloku yaradılmışdır.

Dövlətimizin başçısı xəstəxananın dördüncü mərtəbəsindəki əməliyyat bloku ilə tanış oldu. Məlumat verildi ki, əməliyyat bloku ən son avadanlıqla təchiz olunmuşdur. Burada ekspress laboratoriya, reanimasiya zalı, palatalar və intensiv terapiya palataları vardır. Xəstəxanada quraşdırılan avadanlıq inkişaf etmiş ölkələrdə istehsal olunmuşdur. Bu avadanlıq səhiyyə sahəsində müasir tibbi əməliyyatlarda istifadə edilir.

Diqqətə çatdırıldı ki, xəstəxanadakı palatalar ən müasir tələblərə cavab verir. Burada xəstələrin özlərini rahat və təhlükəsiz hiss etmələri üçün geniş imkanlar yaradılmışdır. Xəstəxanadakı doğum, pediatriya və digər şöbələr də tibb elminin ən son elmi-texniki tələblərinə cavab verən avadanlıqla təmin olunmuşdur. Burada onkoloq, nevropatoloq, uroloq, kardioloq və digər həkim otaqları yaradılmışdır. Xəstəxananın laboratoriyası da yüksək səviyyədə qurulmuşdur. Buradakı müasir avadanlıq laboratoriyada biokimyəvi, bakterioloji və ümumi klinik laborator müayinələr aparmaq üçün geniş imkanlar yaradır.

Qusar Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi, ilk növbədə burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar verir. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır. Bu sahənin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə müasir texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bütün bunları bir daha sübut edir.

Səhiyyə ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü.

"Əminəm ki, bu xəstəxana qusarlıların xidmətində, onların sərəncamında olacaqdır. Bu, gözlənilən hadisə idi. Bu xəstəxananın təməlini biz bərabər qoyduq və ondan sonra tikinti başlamışdır. Xəstəxana çox böyükdür. Bu zonanın - şimal zonasının ən böyük xəstəxanasıdır. Burada ən müasir avadanlıq quraşdırılıb, ən gözəl şərait yaradılıb və bütün şöbələr nəzərdə tutulub. İndi xəstəxana ilə tanış olarkən bir daha gördük ki, bu xəstəxana istənilən inkişaf etmiş ölkənin standartlarına cavab verir, bəlkə də onlardan üstündür. Həm palatalar, reanimasiya şöbələri, əməliyyatxana, pediatriya, doğum şöbəsi. Bu da çox vacibdir, uşaqlarımız sağlam doğulmalıdır, sağlam böyüməlidir", - Prezident bildirib.

Dövlət başçısının sözlərinə görə, xəstəxananın açılışı doğrudan da, böyük hadisədir, çox gözəl hadisədir.

"Ümid edirəm ki, burada göstəriləcək tibbi xidmət də yüksək səviyyədə olacaqdır. Yəni, burada yaradılan şəraitə uyğun olmalıdır. Burada quraşdırılan yeni, ən müasir avadanlıq əlbəttə ki, insanların sağlamlığının keşiyində duracaqdır. Ancaq bu avadanlıqla işləmək üçün həkimlər təlim kursları keçməlidirlər. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir və burada insanlara ən gözəl xidmət göstərilməlidir", - İlham Əliyev dedi.

Prezident bildirib ki, şimal zonasının səhiyyə məsələləri uğurla həll olunur, əvvəlki dövrlərdə ətraf rayonların hamısında tibb mərkəzləri tikilmişdir.

"Qubada Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir. Siyəzəndə hələ 2004-cü ildə Dövlət Neft Şirkəti tərəfindən xəstəxana tikilmişdir. Ondan sonra biz Xaçmazda, Şabranda və nəhayət, Qusarda bu xəstəxananın açılışını qeyd edirik. Beləliklə, şimal zonasının əsas səhiyyə məsələləri öz həllini tapır. Bütövlükdə ölkə üzrə hər bir bölgədə yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılır və açılacaqdır. Gələn ilin sonuna qədər biz çalışmalıyıq ki, hər bir rayonda, rayon mərkəzində ən müasir standartlara cavab verən tibb mərkəzləri fəaliyyətə başlasın.

Təbii ki, Bakı şəhərində də bu proses geniş vüsət almışdır. Bakıda son illər ərzində ən müasir xəstəxanalar tikilmişdir. Bu xəstəxanaların fəaliyyətə başlaması Bakını bölgənin, yəni regionun, o cümlədən səhiyyə sahəsində mərkəzinə çevirəcəkdir", - İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, xəstəxananın tikintisini Dövlət Neft Şirkəti icra etmişdir.

"Dövlət Neft Şirkəti Azərbaycanın və bölgənin, regionun ən böyük şirkətidir, böyük funksiyaları, vəzifələri vardır, Azərbaycan iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoruna aiddir. Bununla bərabər, Dövlət Neft Şirkəti çoxsaylı sosial proqramları icra edir. Vaxtilə mən bu göstərişi vermişəm ki, ölkəmizin ən böyük şirkəti sosial sahədə də ən böyük nailiyyətlərə çatmalıdır. Mən çox şadam ki, Dövlət Neft Şirkəti tərəfindən artıq ondan çox yeni Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir.

Bütövlükdə Qusar rayonunun inkişafında da Dövlət Neft Şirkəti fəal iştirak edir, yeni parklar salınır, yeni muzeylər açılır. Bu sosial funksiya hesab edirəm ki, qusarlıların ürəyincə olmalıdır", - Prezident deyib.

İlham Əliyev bildirib ki, Qusar rayonunun inkişafı ilə bağlı konkret proqramlar icra edilir.

"Mən dəfələrlə Qusarda olmuşam və çox şadam ki, bu rayonda həm sosial, həm infrastruktur layihələri icra edilir. Rayonun inkişafı üçün vacib olan Şahdağ Elektrik Stansiyası bir müddət bundan əvvəl tikilmişdir. Bu stansiya bütün şimal zonasını elektrik enerjisi ilə təchiz edir. Rayonun inkişafı yollar tikilmədən mümkün deyildir. Bu məqsədlə Bakı-Quba-Qusar avtomobil yolu tikilir və Quba-Qusar hissəsi indi tikilməkdədir. Bununla bərabər, rayon rəhbərliyinin xahişini nəzərə alaraq kənd yollarına da vəsait ayrılmışdır. Əvvəlki dövrdə burada olarkən biz Samur-Həzrə kənd yolunun açılışını qeyd etdik. Ancaq Həzrədən o tərəfdə yaşayan sakinlər də müraciət etmişlər ki, onların yolları da abadlaşsın və bu qərar da verildi. İndi Zuxul kəndinə qədər yeni yolun çəkilişi davam edir. Bu layihə başa çatandan sonra 30-a yaxın kənd artıq gözəl yoldan istifadə edəcəkdir.

Əvvəlki dövrdə Qusarda gözəl Olimpiya İdman Kompleksi açılmışdır. 20-yə yaxın məktəb tikilib və təmir edilmişdir. İndi gözəl xəstəxana açılır. Rayonun inkişafı üçün lazım olan maliyyə dəstəyi də verilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara kreditlər ayrılır və ölkə miqyasında qeyri-neft sektorunda ən böyük investisiya layihəsi də məhz Qusar rayonunda həyata keçirilir. Şahdağ Qış-Yay Xizək Mərkəzinin tikintisi sürətlə və uğurla gedir. Ümid edirəm ki, bu gözəl, möhtəşəm mərkəz öz qapılarını bu ilin sonuna qədər insanların üzünə açacaqdır", - dövlət başçısı bildirib.

Prezident bir daha qeyd etdi ki, qeyri-neft sektorunda, xüsusilə turizm sektorunda ən böyük sərmayə Azərbaycanda Qusar rayonuna qoyulur.

"Bu sərmayənin əsas hissəsini dövlət öz üzərinə götürmüşdür. Dövlət büdcəsi hesabına hazırda burada üç mehmanxana tikilir, istirahət zonaları, yollar salınır, bütün kommunikasiyalar çəkilir - işıq, qaz, su, kanalizasiya. Mən çox şadam ki, özəl sektor da bizim təşəbbüslərə qoşulmuşdur. Özəl sektor tərəfindən də mehmanxanalar tikilməkdədir.

Beləliklə, Şahdağ Xizək Mərkəzi dünyanın ən gözəl mərkəzlərindən birinə çevriləcəkdir. Buraya gələcək turistlərin sayı hesab edirəm ki, minlərlə ölçüləcəkdir.
Təbii ki, bu, rayonun inkişafına çox böyük təkan verəcək, yüzlərlə, bəlkə minlərlə yeni iş yerləri açılacaq və Qusar rayonu Azərbaycanın turizm mərkəzinə çevriləcəkdir. Biz bu layihəni bir neçə il bundan əvvəl başlamışdıq. Onu da demək istəyirəm ki, layihə mənim təşəbbüsümlə başlamışdır. Vaxtaşırı o tikinti ilə maraqlanıram. Bir daha demək istəyirəm ki, bu tikintini dünyanın qabaqcıl tikinti və dizayn şirkətləri aparır və ən gözəl xizək mərkəzinə çevriləcəkdir", - Azərbaycan Prezidenti bildirib.

İlham Əliyevin sözlərinə görə, rayonun sosial infrastrukturunun təkmilləşdirilməsi üçün konkret addımlar atılır.

"Dövlət Neft Şirkəti burada böyük qazlaşdırma layihələrini icra edir. Rayon mərkəzi qazlaşdırılıbdır. İndi ətraf kəndlərdə qazlaşdırma gedir. Hələ ki, qazlaşdırma istədiyimiz səviyyədə deyil, ancaq qarşıya vəzifə qoyulubdur ki, gələn ilin sonuna qədər Qusar rayonunda maksimum kəndlər qazlaşdırılsın. Bununla bərabər, içməli su və kanalizasiya xətlərinin yenilənməsi layihəsi də başlamaq üzrədir. Bu layihə də çox vacibdir. Hər bir yerdə içməli su, kanalizasiya, işıq, qaz olmalıdır və olacaqdır.

Bir sözlə, biz Qusar rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük. Həm iqtisadi inkişaf, infrastruktur layihələrinin icrası, sosial infrastrukturun yaradılması, Olimpiya Mərkəzi, xəstəxana, məktəblər, yollar, qazlaşdırma, su layihələri - yəni, ölkədə gedən quruculuq-abadlıq işləri bu rayonda özünü çox qabarıq şəkildə büruzə verir və bu, məni çox sevindirir.
Bütövlükdə ölkəmiz inamla inkişaf edir. Bütün iqtisadi göstəricilərimiz yüksək səviyyədədir. Dünyada hökm sürən maliyyə və iqtisadi böhran dövründə beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi reytinqini artırırlar. Avropanın inkişaf etmiş ölkələrinin reytinqləri aşağı düşdüyü halda, Azərbaycanın reytinqi qalxır. Bu, ölkəmizdə görülən işlərin nəticəsidir. İş olan yerdə nəticə də olur. Biz işləyirik və özü də yaxşı işləyirik", - Prezident deyib.

Dövlət başçısının sözlərinə görə, keçən ilin göstəriciləri də çox sevindiricidir.

"Keçən il qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artmışdır. Bu ilin birinci ayının yekunları da müsbətdir. Qeyri-neft sənayemiz 10 faizdən çox artmışdır. Hər bir yerdə yeni sənaye müəssisələri, yeni binalar, yeni zavodlar, fabriklər, turizm mərkəzləri yaradılır. Ancaq əlbəttə ki, hər bir rayonun öz xüsusiyyəti var və biz ümumi inkişaf planımızı buna uyğun şəkildə həyata keçiririk.

Qusar rayonunun inkişafı daha çox turizmlə, kənd təsərrüfatı ilə bağlı olacaqdır. Biz bu gözəl təbiəti qorumalıyıq. Bu, böyük dəyər, böyük sərvətdir. Həm təmiz hava, həm gözəl şərait, gözəl dağlar. Biz öz işimizlə, konkret layihələrimizlə bu gözəlliyə əlavə gözəllik qatmalıyıq. Qusar şəhəri də abadlaşır. Gözəl parklar salınır, yollar çəkilir, şəhərin bütün infrastrukturu yeniləşir və gələcəkdə bu proses daha da sürətlə gedəcəkdir", - Prezident deyib.

İlham Əliyev bildirdi ki, bu gözəl xəstəxananın açılışı həm qusarlılar, həm də bütün Azərbaycan vətəndaşları üçün çox vacibdir və qiymətlidir.

"Qusarlıların burada sağlamlığını bərpa etmək üçün bütün şərait vardır. Mənim yeganə xahişim ondan ibarətdir ki, rayon sakinləri gəlsinlər, heç olmasa, ildə bir dəfə burada müayinədən keçsinlər. Ölkəmiz düzgün istiqamətdə inkişaf edir, yolumuz açıqdır, niyyətlərimiz təmizdir. Biz ölkəmizi gücləndirəcəyik.

Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik adasıdır, inkişaf məkanıdır. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, - birinci iki ili istisna etmək şərti ilə, - bu gözəl ənənələr yaşayır", - Prezident qeyd etdi.

"Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi", - İlham Əliyev deyib.

Dövlət başçısı qeyd etdi ki, hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır.

"Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir. Bunun qarantı mənəm - Azərbaycan Prezidenti! Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıbdır və olmayacaqdır. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni ki, müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir", - İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, beynəlxalq mövqelərimiz də güclüdür.

"Azərbaycan dünyanın ən mötəbər qurumunun üzvüdür - BMT-nin Təhlükəsizlik Şurasının üzvüdür. Bu, böyük məsuliyyət, böyük etimaddır, gördüyümüz işlərin böyük nəticəsidir.

2012-ci il də ölkəmiz üçün uğurlu olacaqdır. Mən buna şübhə etmirəm. Hər bir vətəndaş öz yerində ölkəmizin, doğma Azərbaycanımızın inkişafına dəyərli töhfəsini verməlidir.
Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Bütün qusarlılara cansağlığı və yeni uğurlar arzulayıram", - İlham Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti