...

Azərbaycan türkdilli ölkələrin siyasi partiyalarının ittifaqının yaradılmasını vacib sayır

Siyasət Materials 2 Mart 2012 15:31 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend-ə açıqlamasında qeyd edib ki, belə bir qurumun yaradılması üçün ilk növbədə təşəbbüs irəli sürülməlidir
Azərbaycan türkdilli ölkələrin siyasi partiyalarının ittifaqının yaradılmasını vacib sayır

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan türkdilli ölkələrin siyasi partiyalarının ittifaqının yaradılması labüd sayır.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Trend-ə açıqlamasında qeyd edib ki, belə bir qurumun yaradılması üçün ilk növbədə təşəbbüs irəli sürülməlidir.

"Mən bu cür qurumun yaradılmasını çox müsbət dəyərləndirirəm, ancaq hələlik belə bir təşəbbüs yoxdur. Bizim bir sıra türkdilli ölkələrin siyasi partiyaları ilə ikitərəfli əlaqələrimiz mövcuddur və digər türkdilli ölkələrin siyasi partiyaları ilə əlaqə qurmaq istiqamətində işlər gedir. Ancaq bütovlükdə türkdilli ölkələrin siyasi partiyalarını özündə birləşdirən bir qurumun yaradılması ilə bağlı hələlik bizə təklif olmayıb. Əgər olarsa, biz bu barədə fikirləşər və öz reaksiyamızı bildirərik", - Qurbanlı deyib.

O hesab edir ki, belə bir qurumun yaradılması türkdilli ölkələr arasında həm mədəni, həm iqtisadi, həm də digər əlaqələrə çox müsbət təsir göstərər.

"Ancaq bir məsələ var ki, siyasi partiyaların blokları müxtəlif cür fəaliyyət göstərir. Bunu da yaratmaq üçün gərək siyasi partiyalar təşəbbüs göstərsin və bir araya gəlsin", - millət vəkili qeyd edib.

Qurbanlı düşünür ki, aparıcı bir ölkə kimi Azərbaycanın siyasi partiyaları da belə bir təşəbbüs göstərə bilərlər.

Millət vəkili türkdilli ölkələrin siyasi partiyaları ilə görüşlərdə bu məsələnin də müzakirə edilməsinın zəruriliyini vurğulayıb.

Bu məsələni təxminən 7-8 il bundan əvvəl təklif etdiyini deyən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri isə belə bir ittifaqın türkçülüyün əsasında yaradılmasının mümkün olduğunu deyib.

"Mən təklif etmişdim ki, türkdilli xalqların demokrat partiyalarının ittifaqını yaradaq, ancaq ittifaqın mərkəzi Türkiyədə yerləşsin. O vaxtı bu ideya ilə maraqlandılar, ancaq arxasınca getmədilər. Belə düşünürəm ki, bu, bütünlükdə türkdilli xalqların siyasi inkişafında çox önəmli rol oynaya bilər", - bunu ADP-nin sədri Sərdar Cəlaloğlu Trend-ə açıqlamasında deyib.

O qeyd edib ki, dünyada qloballaşma prosesi gedir və qloballaşma prosesində birdən-birə bütün dünya dövlətləri, dünya xalqları bir araya gəlmirlər.

"Əvvəlcə regional ittifaqlar yaranır, sonra bu regional ittifaqlar birləşir, qlobal ittifaq yaradırlar. Əgər diqqətlə fikir versəniz görərsiniz ki, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı da qlobal birlikdən əvvəl elə regional ittifaq kimi yaranıblar", - Cəlaloğlu deyib.

Partiya sədri vurğulayıb ki, belə bir ittifaqın yaradılması türkdilli xalqların qlobal dünyaya inteqrasiya etməsində ara mərhələ kimi rol oynaya bilər.

"Bu, həm türkdilli xalqların ümumtürk dilinin, həm ümumtürk iqtisadiyyatının, həm də ümumtürk mədəniyyətinin yaranmasında rol oynaya bilər. Misal üçün, biz fəxr edirik ki, ümumislam mədəniyyəti var və Azərbaycan da bu ümumislam mədəniyyətinin yaradıcılarından biridir", - Cəlaloğlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti