...

İlham Əliyev Fransanın yeni seçilmiş Prezidentini təbrik edib

Siyasət Materials 7 May 2012 17:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Fransanın yeni seçilmiş Prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb
İlham Əliyev Fransanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın yeni seçilmiş Prezidenti Fransua Ollanda təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Olland, Fransa Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycan ilə Fransa arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi, siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Bu gün beynəlxalq qurumlar, Avropa strukturları çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə işimiz ölkələrimiz arasında, həmçinin çoxtərəfli qaydada əməkdaşlığı səciyyələndirən amillərdəndir" İlham Əliyev təbrik məktubunda deyib.

Dövlət başçısı qeyd edib ki, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə, tezliklə və ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolu böyükdür.

"Biz sülhyaratma prosesində ölkənizin öz səylərini daha da artıracağına, bu işə Sizin şəxsən töhfələr verəcəyinizə ümidlər bəsləyirik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Fransa xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm" İlham Əliyev deyib.

Xəbər lenti

Xəbər lenti