...

BMT-nin baş katibi Olimpiya Oyunları zamanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Siyasət Materials 25 İyul 2012 12:35 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Londonda keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib.
BMT-nin baş katibi Olimpiya Oyunları zamanı hərbi əməliyyatları dayandırmağa çağırıb

Azərbaycan, Bakı, 25 iyul /Trend müxbir M.Əliyev/

BMT-nin baş katibi Pan Gi Mun Londonda keçiriləcək Olimpiya Oyunları ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BMT-nin Bakı Ofisindən bildirilib.

Müraciətdə deyilir ki, Olimpiya barışığı ənənəsi qədim zamanlarda Oyunlar zamanı bir yerdən digər yerə keçən idmançılara təhlükəsiz səyahət imkanı yaratmaq üçün başladılıb.

"Bu, əsl Olimpiya Oyunları ruhunu əks etdirən - xalqlar arasında sülh yolu ilə rəqabət və fərdlərin uğurlarından ibarət bir mühitin yaradılmasına gətirib çıxardı. Bu gün Olimpiya və Paralimpiya Oyunları kimi idman hadisələri dünyanın hər yerində bütün insanları bir araya gətirərək maneələri dəf edir. İştirakçılar bir çox xalqların bayraqlarını daşısalar da, onlar bərabərlik və ədalətli oyun nümayiş etdirərək, anlayış və qarşılıqlı hörmətin rəmzi bayrağı altında birləşirlər", - müraciətdə deyilir.

Baş katib Olimpiya barışığı vasitəsi ilə müharibə vəziyyətində olan ölkələri Oyunlar zamanı öz silahlarını bir kənara qoymağa səsləyib.

"Döyüşlərdə verilən bu fasilələr bir çox insanın həyatını xilas edir. Humanitar yardım işçilərinə ehtiyacı olanlara çatıb yardım etmələri üçün şərait yaradır. Bundan başqa, davamlı həll yolları tapmaq üçün diplomatik danışıqlara yol açır", - müraciətdə bildirilir.

Qeyd olunur ki, Olimpiya barışığı və daha geniş mənada Olimpiya ideyalı çox güclü bir mesajdır: insanlar və xalqlar aralarındakı fərqləri kənara qoyaraq, razılıq və sülh içində yaşaya və çalışa bilərlər.

"Əgər onlar bunu bir günlük və ya bir hadisə ilə bağlı edə bilirlərsə, o zaman onlar bunu həmişəlik edə bilərlər. Birləşmiş Millətlər Təşkilatı məhz bu xəyal əsasında qurulub və bizim gündəlik gördüyümüz işlərin məqsədini də bu arzu təşkil edir", - məktubda deyilir.

Pan Gi Mun BMT-nin 193 üzv ölkəsi tərəfindən təsdiq edilmiş Barışığa qarşı hörmət göstərmələri üçün bütün hərbi əməliyyatlarla məşğul olanlara səslənib. "Çətin də olsa, biz Barışığın elan olunması üçün davam etməli və ona riayət olunmasına nail olmaq üçün əlimizdən gələni etməliyik. Gəlin ümid edək ki, gələn bir neçə həftə ərzində Londonda baş tutacaq Olimpiya və Paralimpiya Oyunlarının məşəli dünyanın sülh simvoluna çevriləcək", - o deyib.

Xəbər lenti

Xəbər lenti