...

Prezident İlham Əliyev: Azərbaycan və Özbəkistan arasında münasibətlər çox dinamik, effektiv və səmərəli inkişaf edir (FOTO)

Siyasət Materials 13 Oktyabr 2012 00:03 (UTC +04:00)
Ölkələrimiz arasında münasibətlər çox dinamik, effektiv və səmərəli inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovla birgə mətbuata bəyanatla çıxışında deyib.
Prezident İlham Əliyev: Azərbaycan və Özbəkistan arasında münasibətlər çox dinamik, effektiv və səmərəli inkişaf edir (FOTO)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Ölkələrimiz arasında münasibətlər çox dinamik, effektiv və səmərəli inkişaf edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovla birgə mətbuata bəyanatla çıxışında deyib.

"Sizin gözəl ölkənizə rəsmi səfərlərimi xatırlayıram və Sizin tərəfinizdən mənə, mənim nümayəndə heyətimin üzvlərinə göstərilən qonaqpərvərlik mənim üçün çox qiymətlidir. Qarşılıqlı səfərlər bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin fəal inkişafına şərait yaradır. Onlar bütün sahələrdə münasibətlərin inkişafına güclü təkan verir və dövlətlərimiz arasında yaranan münasibətlər bizi çox sevindirir. Müstəqillik əldə edəndən sonra keçən 21 il ərzində ölkələrimiz arasında həqiqətən dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri yaranmışdır.

Biz beynəlxalq təşkilatlarda da bir sıra istiqamətlər üzrə fəal qarşılıqlı əlaqə saxlayırıq. Bu, mənim üçün çox xoşdur. Biz iştirak etdiyimiz bütün beynəlxalq qurumlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, digər təşkilatlarda bir-birimizi həmişə dəstəkləyirik. Keçən il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına seçkilər zamanı Özbəkistandan aldığımız fəal dəstəyə görə çox minnətdarıq. Ölkəmizə qardaşcasına münasibətin daha bir təzahürü olan bu dəstək bizə çox lazım, bizim üçün çox qiymətli idi", deyə Azərbaycan Prezidenti bildirib.

İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində Özbəkistanın prinsipial mövqeyinə görə təşəkkür edib.

"2008-ci ildə BMT-nin Baş Məclisində Azərbaycanın irəli sürdüyü qətnamənin Özbəkistan tərəfindən dəstəklənməsi də Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Biz də bütün beynəlxalq təşkilatlarda qardaş Özbəkistanı həmişə dəstəkləmişik və dəstəkləyəcəyik. Başqa sözlə desək, beynəlxalq arenada bu cür fəal qarşılıqlı əlaqələr, dünya siyasəti məsələlərinə dair mütəmadi fikir mübadiləsi, habelə bizim bu gün apardığımız fikir mübadiləsi də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin çox möhkəm və səmimi olmasına dəlalət edir. Əlbəttə, ölkələrimiz arasında münasibətlərin zəngin tarixi vardır. Xalqlarımız arasında dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək münasibətləri çoxəsrlik tarixə malikdir. Biz münasibətlərimizi bu zəmin üzərində qururuq. Bu gün biz qarşılıqlı iqtisadi fəaliyyət məsələlərini, regional problemləri də ətraflı müzakirə etdik. Təbii ki, bizim regionların öz spesifikası ilə yanaşı, ortaq cəhətləri də çoxdur. Mənim fikrimcə, Özbəkistanın və Azərbaycanın riskləri minimuma endirmək, əməkdaşlıq və qarşılıqlı anlaşma ab-havasını möhkəmlətmək siyasəti ölkələrimizin yerləşdiyi regionlardakı dövlətlər arasında geniş əks-səda doğurur, habelə vəziyyətin sabitləşməsi məsələsində mühüm rol oynayır" deyə İlham Əliyev vurğulayıb.

Onun sözlərinə görə, bu gün həm Özbəkistan, həm də Azərbaycan öz regionlarında sabitləşdirici rol oynayır.

"İndiki mərhələdə, bizim regionlarda potensial risklərin artdığı vaxtda bu rol xüsusi əhəmiyyət kəsb edir. Buna görə də bizim ölkələrin yerləşdiyi regionlarda hadisələrin proqnozlaşdırıla bilməsi, çox cəhətdən ölkələrimiz arasında qarşılıqlı əlaqələrdən, fəal siyasi məsləhətləşmələr aparılmasından asılıdır. Biz də öz tərəfimizdən regionda etimad tədbirlərini möhkəmlətmək, daha yaxşı qarşılıqlı anlaşmaya şərait yaratmaq və mövcud problemləri tənzimləmək üçün bundan sonra da əlimizdən gələni etməyə çalışacağıq. Kommunikasiya layihələri sahəsində irəli sürdüyümüz təşəbbüslər də böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması yeni, əvvəlkindən xeyli qısa, iqtisadi baxımdan səmərəli nəqliyyat arteriyaları yaratmağa imkan verən nəqliyyat və kommunikasiya layihələri üçün tamamilə yeni şərait yaradır. Həmçinin bu proseslər həmin layihələrə cəlb edilmiş ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlıq üçün daha yaxşı şərait yaradacaqdır. Əslində biz Özbəkistanla birlikdə yeni magistral, yeni İpək Yolu tikirik. Bu yol qitələri birləşdirəcək, böyük nəqliyyat potensialını, bu potensialın ölkələrimiz üçün reallaşmasını uzun illər ərzində təmin edəcək, bizim regionda etimad tədbirlərini möhkəmlətməyə şərait yaradacaqdır. Biz müştərək investisiya layihələrini nəzərdən keçirməyə hazırıq. Zənnimcə, bunun üçün yaxşı imkanlar vardır", - Prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, həm Özbəkistan, həm də Azərbaycan çox böyük iqtisadi və maliyyə potensialına, böyük texniki imkanlara malik olan ölkələrdir.

"Hökumətlərarası Komissiyanın bu günlərdə keçirilmiş iclası da, mənim fikrimcə, iqtisadi əlaqələrin inkişaf yollarını müəyyən etmişdir. Hesab edirəm ki, ölkələrimiz arasında təəssüf ki, hələlik lazımi səviyyədə olmayan əmtəə dövriyyəsinin həcminin artırılmasına dair müştərək layihələrin həyata keçirilməsində bizim istehsalçıları dəstəkləməliyik.

Bu gün biz elm, mədəniyyət, təhsil sahələrində, humanitar sahədə əməkdaşlıqla bağlı məsələlərlə yanaşı, həm də daha geniş planda, dünyada bu münasibətlərin necə qurulmalı olması məsələsini, humanitar əməkdaşlıq proseslərində bizim ölkələrin rolu və yeri məsələlərinə konseptual yanaşmanı da hərtərəfli, çox geniş müzakirə etdik. Bizim ortaq fikrimiz belədir ki, biz öz ölkələrimizdə milli mədəni irsimizi qoruyub saxlamalı və möhkəmlətməliyik. Gənclər milli ruhda, öz dəyərlərinə, xalqlarımızın çoxəsrlik tarixi ərzində formalaşmış dəyərlərə sədaqət ruhunda tərbiyə edilməlidir. Sonda demək istərdim ki, müzakirə edilən mövzular və fikir mübadiləsi mövqelərimizin oxşarlığını, deyərdim ki, regional siyasət, dünya siyasəti məsələlərinə mövqeyimizin identikliyini və ölkələrimiz arasında strateji tərəfdaşlığı möhkəmlətmək əzmində olduğumuzu göstərdi. Hörmətli İslam Abduqəniyeviç, ölkəmizə səfər etmək dəvətini qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Sizə və xalqınıza xoşbəxtlik və firavanlıq arzulayıram", - İlham Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti