...

Baş nazir: Litva Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır (FOTO)

Siyasət Materials 18 Dekabr 2012 13:58 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin yeni təyin olunmuş Baş naziri Algirdas Butkeviçius ilə görüşüb. Görüş zamanı Butkeviçius xarici ölkə nümayəndələri arasında birinci olaraq Azərbaycan səfiri ilə görüşdüyünü qeyd edib, Litvanın Azərbaycan ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Baş nazir: Litva Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlıdır (FOTO)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin yeni təyin olunmuş Baş naziri Algirdas Butkeviçius ilə görüşüb. Görüş zamanı Butkeviçius xarici ölkə nümayəndələri arasında birinci olaraq Azərbaycan səfiri ilə görüşdüyünü qeyd edib, Litvanın Azərbaycan ilə bütün sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluq duyduğunu ifadə edən Litvanın Baş naziri qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkənin lazımi potensialı olduğunu xüsusilə vurğulayıb.

Məmmədzadə Butkeviçiusu Litvanın Baş naziri təyin olunması münasibətilə təbrik edib, Azərbaycan və Litva arasında mövcud siyasi sahədəki dostluğun iqtisadi, mədəni və humanitar sahələrdə, xüsusilə qarşılıqlı investisiya qoyuluşu, iqtisadi və ticari əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verəcəyini bildirib. Azərbaycanda gedən ümumi inkişaf, habelə sosial, iqtisadi və humanitar sahələrdə uğurla həyara keçirilən islahatlardan bəhs edən səfir Azərbaycanın regionda lider ölkəyə çevrilməsi barədə məlumat verib.

Litvanın Baş naziri son illər dünyada mövcud iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycanın uğurla inkişaf etməsini Azərbaycanda aparılan geniş islahatlar və düzgün idarəetmə siyasəti ilə əlaqələndirib.

Məmmədzadə Azərbaycanın qonşu ölkələrlə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələrdən söhbət açıb, Azərbaycana dost olan dövlətlərin bu imkanlardan faydalandığını qeyd edib.

Azərbaycanlı diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasının bölgənin təhlükəsizliyinə və inkişafına birbaşa təhdid olduğunu bildirib.

Görüşdə Azərbaycan və Litva arasında əməkdaşlığın daha da gücləndirilməsində hökumətlərarası komissiyanın rolundan söhbət edilib, komissiyanın fəaliyyətinin bundan sonra da uğurla davam etdirilməsinin zəruriliyi bildirilib. Qarşılıqlı səfərlərin əlaqələrə müsbət təsir göstərdiyini diqqətə alaraq, hökumət rəhbərlərinin rəsmi səfərlərinin həyata keçirilməsinin əhəmiyyəti barədə danışılıb.

Baş nazir Butkeviçius məmnuniyyətlə gələn ilin əvvəlində Azərbaycana səfər etmək istədiyini, bununla əlaqədar hökumət üzvlərinin də 2013-cü ildə fəallıq göstərəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti