...

Azərbaycanın müxalifət partiyalarının liderləri İctimai Palata daxilində baş verənləri dəyərləndirdi

Siyasət Materials 19 Dekabr 2012 10:00 (UTC +04:00)
Azərbaycanın müxalif Azadlıq və Demokrat partiyalarının liderləri son günlərdə İctimai Palata daxilində gedən proseslərə münasibət bildirib.
Azərbaycanın müxalifət partiyalarının liderləri İctimai Palata daxilində baş verənləri dəyərləndirdi

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanın müxalif Azadlıq və Demokrat partiyalarının liderləri son günlərdə İctimai Palata daxilində gedən proseslərə münasibət bildirib.

Azadlıq Partiyasının (AP) sədri Əhməd Oruc Trend-ə bildirib ki, İctimai Palata qarşısına qoyduğu məqsədlərdən uzaqlaşıb və qeyri-müəyyən bir quruma çevrilib.

"İctimai Palata ilk öncə ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi məqsədi ilə yaradılmışdı, sonradan QHT-lər, sosial tələblər ortaya çıxdı və s.", - Oruc deyib.

Prezident seçkiləri ilə bağlı İP-də gedən prosesləri şərh edən AP sədri bildirib ki, orada təmsil olunan partiyaların hər birinin indiki şərtlər daxilində seçkilərdə uğur qazanması mümkünsüz görünür.

"Biz, Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq İctimai Palatanı əməkdaşlığa çağırmışdıq, lakin onlar buna qoşulmadılar. Açığı mən İctimai Palatada seçkilərdə iştirak etmək əhval-ruhiyyəsi hiss etmirəm, sadəcə olaraq oradakı ayrı-ayrı partiyalar bu prosesdən sonra müxalifət daxilindəki öz mövqelərini qoruyub önə çıxmaq uğrunda mübarizə aparırlar və bu da oradakı iki partiya liderinin uzun illər davam edən intiriqasının növbəti fazasıdır", - Oruc deyib.

Onun sözlərinə görə, bu proses artıq 20 ildir davam edir.

"20 ildir bu iki lider - İsa Qəmbərlə Əli Kərimli guya əvəzolunmaz, çox uğurlu liderlərdir və Azərbaycanın aktiv elektoratı da əsasən bu iki partiya ətrafında toparlanır. Hər seçkilər öncəsi belə bir şey çıxır ortaya - ya müxalifətin vaxtı çatmır, yaxud da seçkidə iştirak etmək üçün vahid namizədi müəyyən edə bilmir",- Əhməd Oruc deyib.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə İctimai Palatada gedən proseslərin Azərbaycanın siyasi həyatına heç bir təsiri olmadığını deyib.

"Onlar küsüşə də bilərlər, barışa da bilərlər, müzakirə də apara bilərlər, sənəd də hazırlaya bilərlər, ancaq bunun siyasi situasiyada heç bir izi olmayacaq. Qapalı bir dairədirlər, özləri-özləri ilə vuruşurlar, mübarizə aparırlar, yəni özləri-özləri ilə məşğuldular", - Cəlaloğlu Trend-ə bildirib.

Qeyd edək ki, İP-də prezident seçkilərində iştirak və namizəd məsələsində ciddi fikirayrılığı yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti