...

Vahid namizəd məsələsi AXCP üçün prioritet olaraq qalır

Siyasət Materials 25 Dekabr 2012 13:56 (UTC +04:00)
Vahid namizəd məsələsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üçün prioritet olaraq qalır.
Vahid namizəd məsələsi AXCP üçün prioritet olaraq qalır

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.Mehdiyev/

Vahid namizəd məsələsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üçün prioritet olaraq qalır. Bu barədə Trend-ə AXCP sədrinin müavini, İP-nin üzvü Fuad Qəhrəmanlı Müsavat Partiyası Divanının partiya başqanı İsa Qəmbərin namizədliyini tövsiyə etməsini şərh edərkən deyib.

Qəhrəmanlı təmsil etdiyi partiyanın vahid namizəd məsələsinin baş tutmasına ümid etdiyini diqqətə çatdırıb.

O, İsa Qəmbərin namizədliyinin tövsiyə olunmasını Müsavatın öz hüququ kimi dəyərləndirib.

"İctimai Palatanın qəbul etdiyi memorandumda da göstərilmişdi ki, İctimai Palataya daxil olan partiyaların öz namizədlərini irəli sürməsi İctimai Palatanın vahid namizəd məqsədinə zidd deyil, əksinə bu namizədliyə namizəd kimi qəbul olunmalıdır. Yəni İctimai Palatanın vahid namizədi bu namizədlər arasından seçilməlidir", - Qəhrəmanlı deyib.

O qeyd edib ki, zamanı gəlincə bu namizədlər arasında namizəd seçmək mərhələsinə başlanılacaq.

"Ancaq biz bunun indi müzakirə olunmasını məqbul hesab etmirik və təkcə İctimai Palata çərçivəsində deyil, daha geniş bir tərkibin iştirakı ilə, daha geniş formatda vahid namizədin müəyyənləşdirilməsi aparıla bilər", - Qəhrəmanlı bildirib.

Azadlıq Partiyasının sədri Əhməd Oruc isə vahid namizədin müəyyənləşdirilməsi prosedurunun çətin olduğunu deyib.

"Hamıya bəllidir ki, İctimai Palatada müxalifətin müəyyən kəsimi təmsil olunur və istənilən vaxt yalnız İctimai Palata çərçivəsində müəyyənləşdirilmiş qərarlar digər müxalifət birlikləri, partiyaları ilə razılaşdırılmalıdır ki, bu da çətin bir prosedurdur", - Əhməd Oruc Trend-ə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti