...

Azərbaycanın müxalif partiyasının sədri yeni liderlərin yaranmasını vacib sayır

Siyasət Materials 7 Yanvar 2013 14:06 (UTC +04:00)
Demokratik Qüvvələrin Məşvərət Məsclisində (DQMM) təmsil olunan Azadlıq Partiyasının sədri İctimai Palatada (İP) yeni liderlərin meydana gəlməsi şərtilə İP ilə birgə namizədin müəyyənləşdirilməsinin tərəfdarıdır.
Azərbaycanın müxalif partiyasının sədri yeni liderlərin yaranmasını vacib sayır

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/

Demokratik Qüvvələrin Məşvərət Məsclisində (DQMM) təmsil olunan Azadlıq Partiyasının sədri İctimai Palatada (İP) yeni liderlərin meydana gəlməsi şərtilə İP ilə birgə namizədin müəyyənləşdirilməsinin tərəfdarıdır.

"Mən konkret İsa Qəmbər və ya Əli Kərimli haqqında danışmaq istəmirəm, ancaq prinsipcə, biz hesab edirik ki, namizəd elə bir şəxs olmalıdır ki, cəmiyyət onun ətrafında toplana bilsin, ictimai rəydə indiyə qədər baş vermiş uğursuzluqların səbəbkarı, bir intriqa mənbəyi kimi tanınmasın", - Azadlıq Partiyasının sədri Əhməd Oruc Trend-ə deyib.

Onun fikrincə, İP Qərbin də dəstəyi ilə uzun müddət ciddi bir mərkəzə çevrilməyə çalışsa da, baş tutmadı, çünki bu birliyə daxil olan partiya liderlərinin 20 illik müxalifətçilik təcrübəsi cəmiyyətdə onlardan qorxmaq üçün stimul yaratdı.

"Ona görə ictimai rəydə birmənalı qarşılanmayan liderlən arxasınca gedib uğur qazanmaq mümkünsüzdür. Bunu özləri də dərk edirlər. Onlardansa, cəmiyyətin heç tanımadığı, normal intellektə, əxlaqi mədəniyyətə malik olan bir adamı ortaya qoyub müdafiə etmək daha səmərəli olar. Yəni yeni liderlər, yeni siyasilər ortaya çıxmalıdır", - Oruc deyib.

Ümumilikdə isə partiya sədri bildirib ki, DQMM prezident seçkilərinə az müddət qalmış öz namizədini müəyyənləşdirəcək.

"Biz prinsipcə razılaşmışıq ki, prezident seçkilərinə az müddət qalana qədər vahid komanda şəklində işləməyi öyrənək, bir-birimizin birgə fəaliyyət imkanlarımızı araşdıraq və seçkilərə az müddət qalanda namizədliyə iddialıların arasında seçim edək", - Oruc deyib.

O, ümid edir ki, bu prosesə çatana qədər böyük əksəriyyət hansısa bir namizəd ətrafında toplana biləcək. "Biz liderin komandası yox, komandanın lideri modelindən istifadə etmək niyyətindəyik", - Oruc vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti