...

Türkiyə Aİ və ŞƏT arasında - Zarafat, yoxsa reallıq...

Siyasət Materials 30 Yanvar 2013 13:40 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Avropa İttifaqına (Aİ) alternativ olduğu barədə açıqlaması həm ölkə daxilində, həm də dünyada birmənalı qarşılanmadı.
Türkiyə Aİ və ŞƏT arasında - Zarafat, yoxsa reallıq...

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Avropa İttifaqına (Aİ) alternativ olduğu barədə açıqlaması həm ölkə daxilində, həm də dünyada birmənalı qarşılanmadı.

Ərdoğan açıqlamasında ŞƏT-in Aİ-dən daha güclü bir qurum olduğunu söylədi.

Bu bəyanatdan sonra ABŞ Dövlət Departamentinin sözçüsü Viktoria Nuland NATO ölkəsi olan Türkiyənin belə bir addım atacağının qəribə olduğunu, lakin prosesi sona qədər izləyəcəklərini bildirdi.

Əslində isə Baş nazirin verdiyi açıqlamada diqqətdən qaçan məqamlar var. Belə ki, Ərdoğan ölkənin "Anadolu" agentliyinə açıqlamasında Rusiyaya səfəri zamanı RF Prezidenti Vladimir Putinlə zarafat etdiyini bildirdi: "Rusiyaya səfərim zamanı Prezident Putinlə görüşdük və ona zarafatca belə dedim: "Ara-sıra bizə Avropa İttifaqında nə işiniz var?" deyirsiniz. Elə isə bizi Şanxay Əməkdaşlıq Təşkilatına üzv edin, biz də Avropadan əl çəkək".

İfadələrin nə qədər zarafatla deyilməsinə baxmayaraq, Türkiyəni dəyişən bir adamın sözləri diqqətdən yayına bilməzdi. Məhz bu səbəbdən də Türkiyədəki ana müxalifət - Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu Baş nazirin söylədiklərinə diqqət yetirilməli olduğunu bildirdi.

Əslində, Türkiyənin Avropa İttifaqına üzvlük məsələsinə nəzər salınsa, bu prosesin ilbəil yubadıldığının şahidi olarıq.

Digər tərəfdən, ehtimallar onu söyləməyə əsas verir ki, artıq Türkiyə Aİ-yə üzv olmaqda bir o qədər də maraqlı deyil və ölkədə quruma üzv olmaq istiqamətində atılan addımlar Yaxın Şərqdə aparıcı qüvvənin olması üçün edilir.

Hətta ölkə Prezidenti Abdullah Gül 2009-cu ildə verdiyi açıqlamasında Türkiyənin bəlkə də Avropa İttifaqına üzv olmaqdan imtina edəcəyini və Norveçin yolu ilə gedəcəyini bildirmişdi.

Lakin digər bir tərəfdən Ərdoğanın söylədikləri Aİ-yə bir ismarış kimi də qəbul edilə bilər. Baş nazir dolayısı ilə Türkiyə kimi dövlətin qarşısında başqa alternativlərin olduğunu açıqca bildirmək istəyib.

Bu gün Ankaranın regiondakı iqtisadi və siyasi potensialı nəzərə alınsa, Türkiyənin itirilməsi Aİ üçün böyük bir səhv olardı. Ehtimallar onu deməyə əsas verir ki, Baş nazir Ərdoğanın bu sözlərindən sonra ABŞ Türkiyənin Aİ-yə qəbul edilməsi üçün quruma pərdə arxası təzyiqləri artıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti