Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Qəzvini/
Almaniyaya səfər etmiş Misir Prezidenti Məhəmməd Mursi ölkəsində cərəyan edən olaylarda Qərb dövlətlərini günahlandırıb.
Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Mursi bəyan edib ki, həmin Qərb dövlətləri on illər ərzində xalqına zülm etmiş rejimləri dəstəkləyib. Misir lideri Qərb dövlətlərini siyasi və iqtisadi maraqlarını üstün tutmaqla, haqqı pozulmuş xalqların hüquqlarının qorunmamasına göz yummaqda ittiham edib.
Bərabərhüquqlu dialoqun gercəkləşməsini istəyən Mursi sadaladığı vəziyyətin qəbul edilməyəcəyini diqqətə çatdırıb. Gərgin vəziyyətlə bağlı Almaniyaya səfərin proqramını qısaldan dövlət başçısı artıq gecə saatlarında Qəhirəyə qayıdıb.
Bu arada, son bir gün ərzində paytaxt Qahirə və digər şəhərlərdə 4 nəfər özbaşınalığın qurbanı olub. Onlarla yaralının olduğu bildirilir. Məlumatı Misir Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əhməd Omr təsdiqləyib.