Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E.Mehdiyev/
Bütün hallarda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ermənistandakı prezident seçkilərinə qiyməti siyasi və saxta idi. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib
O qeyd edib ki, Ermənistanda 6 may parlament seçkilərindən sonra ATƏT müşahidəçilərinin göstərdiyi heç bir qüsur aradan qaldırılmadı.
"Aralıq hesabatlarda göstərilən qüsurlar aradan qaldırılmadı. Beynəlxalq müşahidəçilər öz hesabatlarına rəsmi Yerevanın saymazyana münasibətini nəzərə almadılar", - politoloq deyib.
O bildirib ki, səsvermənin səhəri günü seçiciləri müşahidə edən təşkilatların davranışında hədsiz maraqlı dinamika müşahidə olundu.
"Məhz bu dinamika Ermənistandakı seçkilərlə bağlı ATƏT DTİHB müşahidəçilərinin verdiyi qiymətin saxta olduğunu göstərən ən ciddi arqumentlərdən biridir; Ermənistan və Ermənistan tipli dövlətlərdə seçki monitorinqini müşahidə edən təşkilatların içərisində hakimiyyətin müvafiq strukturlarının dəvət etdiyi beynəlxalq qurumların olması və monitorinq aparması sirr deyil (Ermənistan həmişə bu metoddan istifadə edir)", - Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, formalaşmış ənənə belədir ki, hakimiyyətin təşkil edib gətirdiyi beynəlxalq monitorinq təşkilatları öz rəylərini ATƏT DTİHB-in rəylərindən bir neçə saat öncə açıqlayırlar. Məqsəd bu vaxtadək həmişə sərt olan ATƏT DTİHB-in mövqeyinin neqativ təsirini azaltmaq və ya o hesabatın hazırlanmasına təzyiq etməkdir.
"Ermənistan rəhbərliyinin ələ alıb gətirdiyi təşkilatlar AŞPA, ATƏT PA və İCES (Beynəlxalq Seçki Sistemləri İnstitutu) müşahidəçiləri ənənəyə uyğun olaraq rəylərini erkən açıqladılar. Onların açıqladığı mövqelərdə qüsurlar göstərilirdi və bu qüsurların seçkinin yekununa təsir etmədiyi bildirildi.", - politoloq deyib.
O, qeyd edib ki, İCES müşahidə missiyasının rəhbəri A.Tsinger seçicilərin Sərkisyana "sarı vərəqə" göstərdiyini bildirdi.
"Bu 3 strukturun mövqeyinin belə sərt olmasının səbəbi seçkilərdə baş verən qüsurların çoxluğu ilə əlaqədar idi. Bununla yanaşı bu mövqe həmin saatda Ermənistan hökumətini qane edirdi, çünki onların fikrincə, ATƏT DTİHB müşahidəçiləri çox sərt mövqe nümayiş etdirə bilərdilər və əllərindəki faktlar buna əsas yaradırdı. Gözlənilmədən ATƏT DTİHB-in açıqladığı mövqe AŞPA, ATƏT PA və İCES-in mövqeyindən daha yumşaq oldu. Onlar öz mövqelərini "ilkin nəticələr" adlandırdılar və ilk rəylərini yaxın 10 gün ərzində hazırlayacaqlarını bildirdilər", - politoloq deyib.
Onun fikrincə, bu isə onların işində yenilik idi. Adətən onlar səsvermə gününün səhəri ilkin nəticələri deyil, rəylərinin ilkin variantını açıqlayır və seçkilərdən iki ay keçmiş əsas rəylərini hazırlayıb təqdim edirlər. ATƏT DTİHB müşahidəçiləri real deyil, siyasi mövqe nümayiş etdirdilər.
Politoloq hesab edir ki, ATƏT DTİHB-in belə davranışının bir neçə səbəbi vardır.
"Əvvəla, Rusiya və Qərb arasında mübarizə gedir. Rusiya Ermənistanı Gömrük İttifaqına qoşmağa cəhd edir. Qərb seçkiləri dəyərləndirmədə mövqeyini saxtalaşdırmaqla Rusiyanın S. Sərkisyana etdiyi yaxşılığa bənzər yaxşılıq etdi", - Əhmədoğlu deyib.
İkincisi, politoloq hesab edir ki, ATƏT DTİHB-in bu qərarı Ermənistanın təkcə siyasi vektorunu deyil, həm də taleyini həll edə bilərdi. "Belə ki, Avropaya inteqrasiya üçün seçkilərin demokratik keçirilməsi və Dağlıq Qarabağ məsələsində mövqeyini dəyişməsi Ermənistanın qarşısına şərt kimi qoyulub. ATƏT DTİHB son seçkilərə "qeyri-demokratik seçki" rəyini verməklə, ən azı, donor konfransı keçirməsinin qarşısını almış olur", - Əhmədoğlu deyib.
Onun fikrincə, üçüncüsü, səsvermə günündən əvvəlki iki gün ərzində ABŞ səfiri xeyli aktiv olub. "ABŞ səfirinin Ermənistan prezident seçki qərargahının rəhbəri O.Abramyan (həm də parlamentin spikeri) və MSK-nın başçısı T.Mukuçyanla gizli görüş keçirməsi barədə məlumatlar yaydı. Mətbuatda gedən bu məlumatlar təkzib olunmadı: ABŞ səfiri mətbuatla kifayət qədər yaxşı işləyir. ATƏT DTİHB-in mövqeyinin Ermənistanın gətirdiyi təşkilatlara nisbətən daha yumşaq olmasının əsas səbəbi ABŞ səfiri C.Hefferndir. Səfirin fikrincə, Ermənistanın taleyini bu istiqamətdə həll etmək olmaz və ölkə rəhbərliyi üçün, ən azı, 10 günlük pauza elan etdi", - politoloq deyib.
O qeyd edib ki, Qarabağ münaqişəsi kontekstində seçkidə baş vermiş ən mühüm diqqətçəkən məsələ ATƏT MQ həmsədr dövlətlərdən gələn təbriklərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yer ayrılması idi.
"Fransa prezidenti F.Holland S.Sərkisyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ tənzimlənməsini dair fikirlər siyasi mətn kimi qoyulmuşdu.
O hesab edir ki, həm ABŞ prezidenti B.Obamanın, həm də Dövlət katibi Con Kerrinin təbrik məktubunu ABŞ-ın Dağlıq Qarabağ münaqişəsindəki mövqeyinin onun nəzərinə çatdırılması kimi də başa düşmək olar.
"Kerri Sərkisyanın prezidentliyinin ikinci müddətində əsas məsələ kimi Dağlıq Qarabağ probleminin tənzimlənməsini qoyur və status-kvonun dəyişdirilməsinin zəruriliyini bildirir. Kerrinin Sərkisyana göndərdiyi təbrik məktubunda Dağlıq Qarabağ kontekstində daha üç məsələ diqqətdədir: birincisi, bu Kerrinin Sərkisyana ilk müraciətdir; ikincisi, Kerri Türkiyə-Ermənistan münasibətləri barədə qətiyyən heç bir fikir bildirmədi; üçüncüsü, Kerri Dağlıq Qarabağ tənzimlənməsini başqa heç nə, o cümlədən Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə əlaqələndirmir. ABŞ üçün Dağlıq Qarabağ tənzimlənəsi ən birinci məsələdir", - politoloq deyib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin təbrikində Qarabağ tənzimlənməsinə dair fikir olmasa da, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskinin açıqlamasında Sərkisyanın prezident seçilməsi birbaşa Dağlıq Qarabağ tənzimlənməsi ilə əlaqələndirildi.
"Slutski nəticələri özü üçün bəlli hesab etdiyi vaxt Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın xeyrinə olmayan fikirləri gündəliyə gətirdi", - politoloq deyib.